Ötən il 6 minə yaxın əlilliyi olan şəxs işə düzəldilib.
Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ARB 24 və APA-ya müsahibəsində deyib.
Nazir bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına qaytarılması nazirlik üçün prioritet məsələlərdən biridir və bu məsələ ilə bağlı aktiv məşğulluq tədbirləri həyata keçirilir. Tədbirlər nəticəsində ötən il ərazində 1300 əlilliyi olan şəxs proqrama cəlb edilib.
“Bu istiqamətdə peşə hazırlığı çərçivəsində də işlərimizi davam etdiririk. Ötən il 500 şəxsə bu sahədə dəstək göstərmişik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Həmin mərkəzdə müxtəlif istiqamətlərdə emalatxanalar təşkil edilib. O emalatxanalarda əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün xüsusi kurslar təşkil etmişik. Bu kurslar vasitəsilə onların bilik və bacarıqlarının artırılmasını təmin edirik”, – Anar Əliyev əlavə edib.