Naxçıvanla bağlı hamının gözlədiyi qərar verildi – mühüm yenilik

Mayın 26-da Naxçıvanda keçirilən “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” konfransında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli maraqlı açıqlama verib. Deyib ki, Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır.

O bildirib ki, Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq. Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq. Naxçıvanla bağlı bu təklif neçə illərdir verilirdi.

Əslən Naxçıvandan olan BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu təkliflə dəfələrlə çıxış edib. Vasif Talıbovun dövründə deputat bu təklifləri vaxtaşırı səsləndirib. Keçmiş sədr təklifləri müqavimətlə qarşılayırdı. Çünki bilirdi ki, Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi onun hakimiyyət üçün yaxşı bir şey vəd etmir. Ona görə də muxtar respublika ilə bağlı bu və ya başqa təkliflərin reallaşmasının qarşısını alırdı.

Artıq Vasif Talıbov yoxdur. Məntiqlə bu hədəfə çatmaq üçün əngəl qalmayıb. Bəs mütəxəssislər Fuad Nəcəflinin sözlərini nə dərəcə inandırıcı hesab edir, real sayırlar? Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi yaxın perspektiv üçün mümkündürmü? Bunun üçün nə tələb olunur?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor, Fikrət Yusifov deyib ki, Naxçıvan özünün yerləşdiyi coğrafi mövqe baxımından azad iqtisadi zona üçün ən uyğun ərazidir.

 

Fikrət Yusifov

Professorun sözlərinə görə, bu gün Zəngəzur dəhlizinin gündəmə gəlməsi və onun reallaşması istiqamətində düşünülməsi doğru addımdır:

“Tam əminliklə deyirəm ki, bu məsələ doğrudan da reallaşacaq. Çünki burada Ermənistanın istəyib-istəməməsi artıq 10-cu sırada dayanır. Dünyanın böyük gücləri, Çin kimi ölkələr və Çinin ticarət tərəfdaşı olan onlarla dövlətin marağında olan bir məsələni balaca Ermənistan tapdalaya və ya qapada bilməz. Zəngəzur dəhlizinin açılmaq perspektivləri gündəmdə olduğu bir şəraitdə Naxçıvan ərazisində azad iqtisadi zonanın yaradılması daha gerçək görünür və bu, olduqca uğurlu bir layihə olacaq”.

F.Yusifov deyib ki, hətta o, maliyyə nazirinin birinci müavini olduğu dövrdə bu təşəbbüslə çıxış edərək, Naxçıvanın rəsmi olaraq azad iqtisadi zonaya çevirilməsini təklif edib:

“İndiki şəraitdə Naxçıvandakı vəziyyətin dəyişməsi, idarəçilikdə yeni ab-havanın yaranması da, bu layihənin gerçəkləşdirilməsi üçün daha bir qapı açır. Hesab edirəm ki, olduqca düzgün, doğru və səmərəli bir addım olar. Bu layihəni həm Azərbaycan, həm də bölgə üçün tam əsaslı hesab edirəm. Layihənin faydalı olacağına inanıram. Ona görə ki, Naxçıvan yolların kəsişdiyi bir yerdə yerləşir”.

Zaira Akifqızı
Globalinfo.az