NATO tarixin ən böyük təliminə başlayır: Qlobal müharibəyə hazırlıq, yoxsa…

“NATO-nun son onilliklərdə keçirdiyi ən böyük təlimi “Steadfast Defender 2024” gələn həftə fəaliyyətə başlayır. Bu barədə NATO-nun Brüsseldəki qərargahında artıq hamıya məlumat verilib və bütün qüvvələr buna hazırlaşır. Amma bu qərarın tez-tələsik verildiyi barədə düşünənlər də müəyyən qədər haqlıdırlar. Çünki Rusiya-Ukrayna müharibəsi başlayandan bəri NATO-nun bir sıra kiçik həcmli rutin təlimləri keçirilsə də bu səviyyədə geniş dairələri əhatə edən təlim haqqında söhbət getmirdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.

Əlimusa İbrahimov

Onun sözlərinə görə, buna görə də mütəxəssislər qərarın son anda alınması qənaətinə gəliblər:

“Bütün sualların cavabında Rusiyanın hələ Ukraynada uzun müddət şəkildə ilişib qalacağı məntiqini ortaya qoyur və Qərbdə də bunu yaxşı başa düşürlər. Düşünürəm ki, NATO rəhbərliyinin bu tipli böyük əhatə və canlı qüvvəsinə malik təlimlərin keçirilməsi Rusiyanın sabah nə planlaşdıracağı və hansı Avropa ölkəsinə hücum edəcəyi ilə heç də bağlı deyil.

Bu təlimlər Ukraynanın, həm də NATO-nun Rusiyanın hücumları qarşısında davam gətirə bilməməsi ilə bağlıdır. Artıq Qərb və ABŞ Ukraynanı Rusiyanın əlindən almağın mümkün olmayacağı qənaətindədir. Elə məhz buna görə də düşünürəm ki, NATO-nun keçirməkdə olduğu bu təlimlər heç də Rusiyanın Ukraynadan sonrakı hücumlarına hazırlıq deyil. NATO Rusiya-Ukrayna müharibəsinə artıq daha fəal qoşulmaq fikrindədir və buna görə öz ordusunun hərbi hazırlığını yoxlayır və onları yüksək döyüş hazırlığı səviyyəsinə gətirməyə çalışır.

Bu təlimlərin nəticəsi olaraq sonda qərar qəbul olunacaq. Bu qərar Rusiya-Ukrayna müharibəsi gedişində müdaxilə, yoxsa daha ciddi hazırlaşdıqdan sonra bu müdaxiləni həyata keçirməklə bağlı ola bilər. Amma hesab edirəm ki, Rusiyaya qarşı NATO-nun müharibəsi bu tezliklə başlamayacaq. Çünki təlimlərdən sonra NATO rəhbərləri və ABŞ nəticə çıxaracaqlar ki, Rusiya ilə müharibəyə hələ tam hazır deyillər və 5-10 il hazırlaşmaq lazımdır. Axı Rusiya-Ukrayna müharibəsi əldə və poliqonlarda olan bütün silahların sonuna çatıb. Beləliklə, ciddi silahlanma proqramı qəbul olunacaq və ABŞ silah istehsalçıları yenidən dünyanı işğal etməyə başlayacaqlar. II Dünya müharibəsindən sonrakı dövr təkrar olunur. Amerika yalnız bu yolla öz iqtisadiyyatını qaldıra və dirçəldə biləcək. Başqa yol yoxdur”.

Turan Rzayev
Globalinfo.az