Natiq Qasımovın yanında şəhid olmuş döyüşçülər kimlərdir? – Siyahı

Birinci Qarabağ müharibəsində şücaət göstərmiş əfsanəvi döyüşçü Natiq Qasımovun adı və şəkilləri son aylar mətbuatın və sosial şəbəkələrin gündəmindən düşmür.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, “Qaradağ şahinləri” taborunun əsgəri olaraq Vətənin müdafiəsində iştirak etmiş Natiq Qasımov göstərdiyi qəhrəmanlığa görə “Milli Qəhrəman” adı almağa layiqdir. İctimaiyyət nümayəndələri də Natiqə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi təklifləri səsləndirirlər.

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-su-suz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi.

Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında necə vahimə və psixoloji gərginlik yaratmışdısa, erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.

Bəs Natiq Qasımovla birlikdə Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı Alban kilsəsində qəhrəmancasına döyüşərkək şəhid olmuş digər 6 qəhrəman kimlər olub?

Jurnalist Aqil Alışov bununla bağlı araşdırma apararaq, Natiqin yanında şəhid olmuş 6 döyüşçünün adını dəqiqləşdirib.

Onlar Azərbaycanın ayrı-ayrı bölgələrindəndir. Ermənilərin təslim olmaq çağırışlarınə rədd edərək, son damla qanlarınadək döyüşərək şəhid olublar.

Pirlər kəndi yaxınlığındakı Alban kilsəsində şəhid olmuş 6 qəhrəmanın adını təqdim edirik:

– Vilayət Cəfərov (Beyləqan rayonu),

– Etibar Babayev (Bakı şəhəri, Xətai rayonu),

– Nüşirəvan Məhərrəmov (Bərdə rayonu),

– Yusif İsmayılov (Bakı şəhəri, Yasamal rayonu),

– Əli Məmmədov (Beyləqan rayonu),

– Elman Rəhmanlı (Bakı şəhəri).

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Natiq Qasımovun meyitinin Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn olunduğunu ehtimal edir.