Münxendə proseslər qarışdı: Makron Rusiyanı hədəf alıb Bakıya “zərbə” vurmaq istədi

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra Ermənistan Baş naziri Nikol Paşinyan ilə ayrı-ayrılıqda görüşdü. Hər iki görüşün əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan münasibətləri və Brüssel formatının bərpa edilməsi olub. İstisna deyil ki, Mişel Brüssel formatının davam etməsini razılaşdırmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, üçtərəfli formatda keçirilən Brüssel görüşü Fransa Prezidenti Emmanuel Makronun müdaxiləsindən sonra arxa plana keçib:

“Fransa bununla öz oyununu qurmağa çalışır.

Birincisi, Makron çalışır ki, hazırda rəhbərlik etdiyi AB-nin təşəbbüslərində liderliyi ələ alsın və geosiyasi ambisiyalarını icra etsin.

İkincisi, Fransa Bakı-İrəvan münasibətlərinin qurulması prosesində aparıcı vasitəçiyə çevrilmək istəyir.

Üçüncüsü, Fransa 44 günlük müharibədə və sonrasında uzaq düşdüyü Cənubi Qafqaza yenidən daxil olmaq istəyir.

Asif Nərimanlı

Bu prosesdə Paşinyan Makronun əsas dəstəkçisidir və Ermənistan Praqada Makron tərəfindən təşkil olunmuş dördtərəfli formatı davam etdirmək istəyir. Hərçənd rəsmi Parisin ermənipərəst mövqeyi Bakının bu formatdan imtinasına səbəb oldu, ötən ilin 7 dekabr tarixində nəzərdə tutulan növbəti görüş də ləğv edildi”.

Ekspert hesab edir ki, Bakı üçtərəfli (Əliyev-Mişel-Paşinyan) formatın bərpasını, İrəvan dördtərəfli (Əliyev-Mişel-Paşinyan-Makron) formatda davam etmək istəyir:

“Bu fikir ayrılığı özünü Avropada rəqabət formasında göstərir. Şarl Mişel Brüssel formatı ilə başlatdığı təşəbbüsün və AB-nin Cənubi Qafqazda iştirakçılıq payının Makron tərəfindən mənimsənilməsinə qarşıdır. Bu baxımdan, AB Prezidenti Əliyev və Paşinyanla görüşə üçtərəfli formatın bərpa edilməsi üçün fürsət olaraq baxır, hərçənd Paşinyan-Makron cütlüyünün razılaşacağı sual altındadır.

Bu kontekstdə Makronun Münhen Təhlükəsizlik Konfransındakı çıxışı diqqət çəkir. Çıxışının əsas hissəsini Rusiyaya qarşı quran Makron Ermənistana açıq dəstək ifadə edib.

“Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos yayan qüvvə olduğunu izah etməyimizdir. Neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dostum, Baş nazir Nikol Paşinyanın yanında deyirəm: onun və Ermənistanın yanında dayanmağa davam edəcəyik”, – Fransa prezidenti bildirib.

A.Nərimanlıya görə, Makronun Ermənistana dəstək çıxışının əsas istiqaməti Rusiya olsa da, tək ünvan bura deyil:

“Birincisi, Rusiyaya qarşı mövqeyi ilə Fransa geosiyasi oyunçu rolunu qabardır.

İkincisi, Makron İrəvana və Nikola mesaj verir ki, sənin və ölkənin əsas qarantı Fransadır. Bu, Ermənistanın təhlükəsizliyində zəifləyən Rusiya faktorunu əvəzləmək niyyətinin elan edilməsi, eləcə də üçtərəfli formatı bərpa etmək istəkləri fonunda Paşinyana “dördtərəfli formatdan imtina etmə” xəbərdarlığıdır.

Üçüncüsü, Makronun Bakıya ünvanlanan mesajı ondan ibarətdir ki, Fransa geosiyasi oyunçudur və Azərbaycan-Ermənistan münasibətlərində mühüm rol oynayır. Azərbaycan bu reallığı nəzərə almalı, dördtərəfli formatda qalmalıdır.

Bakının isə öz reallığı var və bu reallıqda Fransanın vasitəçiliyinə yer ayrılmayıb. Praqa görüşündən sonra Makron Ermənistanı müdafiə etməklə özünü oyundankənar vəziyyətə saldı, daha sonra Əliyevlə təmasa keçərək, oyuna qayıtmaq niyyətini açıqladı. Ötən ilin 24 dekabrında baş tutan telefon söhbətində Əliyev Makrona “regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyini” deməklə, oyuna qayıtmağın mümkün yolunu izah etdi. Hərçənd Fransa prezidentinin Münhendəki çıxışı bunun mümkün olmayacağını göstərir”.

Turan Rzayev
Globalinfo.az