Müharibə başladımı? – Qarabağdan ölü və yaralı xəbəri: deputatdan təcili şərh

“Ermənistan və onun havadarları əllərindən gələni edirlər ki, regionda sülh və əmin-amanlıq olmasın. Bu gün Ermənistanı dəstəkləyən qüvvələri nə Ermənistan maraqlandırır, nə də Qarabağ ermənilərinin taleyi. Onları maraqlandıran tək şey regionda davamlı gərginliyin olmasıdır”.

Bu sözləri Globalinfo.az-a deputat Səməd Seyidov Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribat və sonrasında ordumuzun cavab addımları haqda danışarkən deyib.

Onun sözlərinə görə, son günlər regionda baş verən hadisələr vahid mərkəzdən idarə edilir:

Səməd Seyidov

“Hazırda Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə mane olmaq üçün böyük səylər göstərilir. Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutyunyanın istefa verməsi, Ermənistan Azərbaycan şərti dövlət sərhədində gərginliyin yenidən alovlanması buna misal ola bilər.

Biz baş verən hadisələrin səbəblərini yaxşı bilir və bütün bunlar haqda dünya ictimaiyyətinə məlumat veririk. Lakin Azərbaycan baş verən təxribatlara səssiz qalmayacaq. Hazırkı təxribatlar fonunda ordumuzun verdiyi cavabla biz bunu görə bilərik.

Qoy bizə qarşı olan qüvvələr, Ermənistanın havadarları başa düşsünlər ki, heç nəyə səssiz qalmayacaq və layiqli cavabı verəcəyik. Necə ki, hazırda veririk”.

S.Seyidov təxribatların artması fonunda hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsi haqda danışıb:

“Ermənistan Azərbaycan ordusunun gücünə, imkanlarına bələddir. Mən əməliyyatların genişlənəcəyini və Ermənistan ərazisinə keçəcəyini düşünmürəm.

Rəsmi İrəvan və onun havadarları indiki məqamda sadəcə sülhə mane olmaq və gərginliyi artırmaqla kifayətlənmək istəyir. Prosesin genişlənməsi və daha da gərginləşməsində maraqlı deyillər. Provokasiyaları provokasiya səviyyəsində saxlamaq istəyəcəklər”.

Xatırladaq ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə PUA-dan zərbə endirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, üç hərbi qulluqçumuz yaralanıb.

Globalinfo.az erməni mediasına istinadla xəbər verir ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmənin iki əsgəri məhv edilib, biri isə yaralanıb.

Turan Rzayev
Globalinfo.az