Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) Ukraynaya dəstək üçün ehtiyatlarının tükəndiyini deyib. Aİ rəsmisi, həmçinin diqqətə çatdırıb ki, Avropanın silah anbarları da boşalıb. Görünən odur ki, ABŞ-dan sonra Aİ da geri addım atır.
Ukrayna məsələsində kollektiv Qərbin bu qədər aciz davranması nədən xəbər verir? Bu vəziyyətdə Putin öz geosiyasi məqsədlərinə çata bilərmi?
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Globalinfo.az-a deyib ki, Putin öz məqsədlərinə 2022-ci ilin 24 fevralında çatıb:
“Biz o zaman bu günlərin gedişatını söyləmişdik. Təəssüf ki, o vaxt bəziləri bizi ruspərəstlikdə ittiham edirdi. Qərb ikiüzlüdür. Amerika başda olmaqla Avropanın əsas ölkələri, güc mərkəzləri hər zaman başqa ölkələrə qarşı ikili standarlardan çıxış ediblər. Bu, dünən də belə idi, bu gün də belədir, səhər də belə olacaq. Azərbaycana qarşı 30 ildən artıq zamanda daim qərəzli görünən Qərb dünyasından başqa nə gözləyirdiniz? Bir sözlə bir “klounu” ortaya atdılar, “rus ayısı” da onu “yedi”. Qəhrəman Ukrayna xalqı bir xəyalpərəstin etdiyi faciəvi səhvin bədəlini ödəməkdədir”.
Cavanşir Abbaslı
C.Abbaslı deyib ki, Qərb daim öz çıxarılarını düşünüb:
“Ukrayna xalqı böyük bir oyunun içindədir. Artıq Borrell də etiraf edirsə, bu, çox ciddi mətləblərdən xəbər verir. Getdikcə, daha çox Qərb dünyası xəyal qırıqlığına uğrayacaq və sonda Zelenskini hətta atəşkəs imzalamağa çağıracaq. Bilirsiniz ki, Ukraynada son olaraq müdafiə naziri və silahlı qüvvələrin baş komandanı dəyişdi. Bu da ciddi mətləblərdən xəbər verir. İstənilən halda savaş hər zaman dediyim kimi, bu ilin noyabrına qədər uzanacaq. Məlumdur ki, noyabr ayında ABŞ-da prezident seçkisi keçiriləcək. Həmin seçkilərdən sonra müharibə başa çata bilər. Co Bayden böyük ehtimalla seçkidə uduzacaq. Keçmiş prezident Donald Trampın qalib gəlmə şansı yüksək görünür. O da qalib gələrsə, savaşı bitirəcəyini açıq şəkildə bəyan edib. Lap o olmayıb, başqa biri prezident seçilərsə belə, savaşı davam etdirmək istəyində olmayacaq. Ürək ağrısı ilə bildirirəm ki, bu savaşda Ukrayna itirdi, Qərb və Rusiya qazandı”.
Safura Bənnayeva
Globalinfo.az