Paşinyan bilir: Mübarizə kəskinləşib, real təhlükə yaranıb

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib ki, baş naziri Nikol Paşinyan ərazi mübadiləsi həyata keçirə bilmək üçün konstitusiyanı dəyişdirmək istəyir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova qeyd edib ki, əslində, məsələ Paşinyan hakimiyyətinə yaranmış real təhlükədir:

“Nəzərə allsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda qərbyönümlü və Rusiyanın dəstəklədiyi siyasi qüvvələr arasında qarşıdurma daha da kəskinləşib, belə olan halda xüsusi diqqət çəkən məqam erməni lobbisi ilə Paşinyan arasındakı münasibətlərin fərqli istiqamətdə cərəyan etməsidir. Belə ki, Qarabağın işğalı planının “maliyyə mənbəyi” olaraq bilinən erməni lobbisi üçün otuz ilə yaxın davam edən işğal dövründə hakimiyyətdə hansı klanın olması önəmli olmasa da, bu gün onlara görə Paşinyan hakimiyyətinin qorunması zəruri xarakter daşıyır. Məhz bu məsələdə də erməni lobbisi ilə Qərbin ortaq mövqedən çıxış etməsi Paşinyanın bütün bəyanatlarının etibarlılıq müddətinin çox qısa olmasına təsiredici faktorlardan biridir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının və münasibətlərin normallaşmasının Ermənistanın “qeydiyyat sənədi” ola biləcəyini bəyan edən və konstitusiyaya dəyişikliklər edilməsi məsələsini gündəmə gətirən Paşinyan, digər tərəfdən isə öz hakimiyyətinin davamlılığı üçün bütün mümkün təhdidlərin qarşısını almaq məqsədi ilə sülh anlayışından çox uzaq maraqların daşıyıcısı olan lobbi-Qərb birliyinin aləti olmağı seçir”.

Politoloqun fikrincə, bu məsələdə Ermənistan cəmiyyətindəki revanşistlərin təsiri də istisna edilməməlidir:

“Nəticə etibarilə Ermənistanda davam edən hakimiyyət mübarizəsi fonunda Paşinyanın sülh danışıqları ilə bağlı götürdüyü öhdəlikləri icra etməsi istiqamətində güclü siyasi iradə göstərməsi ehtimalı yoxdur. Ona görə də Paşinyan öz hakimiyyətinin davamlılığını və sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirsə, ilk növbədə güclü siyasi iradə nümayiş etdirərək bütün kənar təsirlərdən xilas olmalıdır. Əks halda, bu xaos şəraitində onun devrilməsi ehtimalı hər zaman olacaq”.

Safura Bənnayeva

Globalinfo.az