Babayan faktı açdı: 2 il öncə Moskvada azərbaycanlılarla görüşdə…

“İki il əvvəl Moskvada Azərbaycan və Ermənistandan olan bir sıra ictimai xadimlər arasında görüş keçirildi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan deyib.

O, görüşün Rusiyanın vasitəçiliyi ilə təşkil olunduğunu bildirib:

“Müzakirədə bizdən İrəvan Dövlət Tibb Universitetinin rektoru Armen Muradyan, K.Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan, rejissoru Arutyun Xaçatryan və mən iştirak edirdik. İlk görüşdən Azərbaycanın Rusiyanın vasitəçiliyinə qane olmadığı məlum idi. Doğrudan da, artıq Moskvanın vasitəçiliyi ilə belə bir görüş keçirilə bilməz, çünki qərəzsiz deyil. Bizə tərəfsiz vasitəçi, ya da birbaşa dialoq lazımdır. Mən vasitəçisiz, birbaşa dialoqa hazıram, bu daha yaxşıdır. Yaxşı olardı ki, görüş iki ölkənin ziyalıları arasında keçirilsin”.

“Nə qədər faciəvi keçmişimiz olsa da, irəli baxmalıyıq. Bizə sülh lazımdır, bu, hər iki xalq üçün gərəklidir. Azərbaycan və Ermənistan birlikdə işləməlidir. Rusiya üçün bu xalqlar arasında sülh önəmli deyil, onun başqa maraqları var. Ona görə də birbaşa dialoq zəruridir”, – R.Babayan deyib.

Ayşən Mustafa
Globalinfo.az