Xəbər verdiyimiz kimi, Rusiya Ermənistandan üzüm və bir sıra çəyirdəkli meyvələrin (albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin) idxalını məhdudlaşdırıb.
Rusiyadan Ermənistana olan iqtisadi və siyasi təzyiqlər necə nəticələnə bilər? İrəvan Qərbyönümlü, yoxsa balanslaşdırılmış siyasi xətt götürəcək?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Rusiyanın Ermənistana qarşı iqtisadi təzyiq alətlərini artırması təkcə ticarət məsələsi deyil:
“Bu, daha geniş geosiyasi gərginliyin iqtisadi kanallarla ifadəsidir. Moskva bu addımları “yumşaq təzyiq” mexanizmi kimi istifadə edir və məqsəd birbaşa siyasi qərarlara təsir etməkdir. Ermənistanın iqtisadi baxımdan hələ də Rusiyadan ciddi asılılığı var. Əsas ixrac bazarlarından biri Rusiya olduğu üçün kənd təsərrüfatı sektoruna qoyulan məhdudiyyətlər İrəvan üçün sosial-iqtisadi təsir yarada bilər. Fermer gəlirlərinin azalması, regional məşğulluğa zərbə və ümumi daxili narazılığın artması kimi nəticələr mümkündür. Bundan əlavə, Ermənistanın enerji və pul köçürmələri sistemində də Rusiya faktoru hələ də mühüm rol oynayır”.
Politoloq bildirib ki, bu təzyiqlərin siyasi nəticəsi avtomatik olaraq Ermənistanın kursunu dəyişdirməyə kifayət etmir:
“Əksinə, son illərdə İrəvan Moskva ilə münasibətlərdə etimad böhranı mərhələsinə daxil olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində vəziyyət, təhlükəsizlik zəmanətlərinin zəifləməsi və regional proseslərdə fikir ayrılıqları Ermənistanı alternativ xarici siyasət kanalları axtarmağa vadar edib. Lakin indiki şərtlər daxilində Ermənistanın tam olaraq Qərbə yönəlməsi qısa müddətdə çətin görünür. Çünki İrəvan alternativləri formalaşdıra bilməyib.
Rusiya bazarı, əmək miqrantları və pul köçürmələri Ermənistan iqtisadiyyatında əhəmiyyətli paya malikdir. Bu əlaqələrin qırılması sosial riskləri artırar. Ermənistan cəmiyyətində Qərbə inteqrasiya tərəfdarları çoxalsa da, Rusiya ilə əlaqələrin qorunmasını vacib sayan müəyyən elektorat və siyasi qruplar da mövcuddur. Bu səbəbdən daha real ssenari balanslaşdırılmış, lakin Rusiya asılılığı azalan xarici siyasət modelidir”.
Rəşad Bayramov
Rəşad Bayramov qeyd edib ki, Ermənistan bir tərəfdən Avropa İttifaqı (Aİ) və ABŞ-la inteqrasiyanı dərinləşdirməyə davam edəcək, digər yandan isə Rusiya ilə iqtisadi əlaqələri tam qırmamağa çalışacaq:
“Rusiyanın iqtisadi təzyiqləri qısamüddətli təsir göstərərək İrəvanı ehtiyatlı davranmağa məcbur edə bilər, amma uzunmüddətli perspektivdə Ermənistanın xarici siyasət xəttini tam geri döndərməkdən çox, onu daha çox diversifikasiya etməyə yönləndirir. Yəni nəticə “tam dönüş” deyil, daha çox “yavaş uzaqlaşma”dır”.
Qeyd edək ki, “Rosselxoznadzor” 2026-cı il iyunun 2-dən etibarən Ermənistandan albalı, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.
Ləman İmran
Globalinfo.az