“Moldova Rumıniya ilə birləşəcəyi təqdirdə bəzi bölgələrini itirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Moldovanın beşinci prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon deyib.
“İndiki Moldova bir sıra regionlarını itirəcək – Qaqauziyanı, Dnestryanını və digər əraziləri”, – deyə o qeyd edib.
Dodonun sözlərinə görə, Moldova vətəndaşlarının əksəriyyəti Rumıniya ilə birləşmə ideyasına qəti şəkildə qarşıdır.
Siyasətçi hesab edir ki, bu təşəbbüs nə Rumıniya paytaxtı Buxarestdə, nə də Avropa İttifaqı (Aİ) dairələrində dəstək qazanır:
“Rumıniya ilə birləşmə regionda sabitliyi poza bilər. Hadisələrin bu ssenari üzrə inkişafı halında Rumıniyada yaşayan macarlar da muxtariyyət tələb edə bilərlər”.
Qeyd edək ki, Rumıniya və Moldovanın birləşməsinin tərəfdarları 1990-cı illərdən etibarən iki dövlətin yenidən bir araya gəlməsini müdafiə edir, bunu dil və mədəni yaxınlıqla əsaslandırırlar. Lakin müxtəlif sosial sorğulara görə, bu ideya Moldovada geniş dəstəyə malik deyil.
Bundan əvvəl Moldova Prezidenti Maya Sandu “The Rest Is Politics” podkastında bildirib ki, belə bir referendum keçirilsə, o, ölkəsinin qonşu Rumıniya ilə birləşməsinin lehinə səs verərdi.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə yaranmış yeni şəraitdə Kişinyov üçün vəziyyət getdikcə daha çətinləşir.
Əliyar Xəlil
Globalinfo.az