Meyxanaçı Samirə Yusifqızının oğluna saxta toy etməsi sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, sənətçinin bu haqda rahat danışması qınanılıb.
Siitat: “Toyu restoranda etdim ki, yazılan pulları yığa bilim”.
Lakin bu “oyun” uzun sürməyib, dəbdəbəli mərasimdən cəmi bir ay sonra gəlin evi tərk edib. Etiraf sosial mediada böyük səs-küyə səbəb olub.
İnsanlar hansı məqsədlərlə saxta toy edir? Bu, milli toy mədəniyyətimizi hörmətsiz və dəyərsiz etmirmi?
Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, bu məsələ təkcə toyların saxtalaşdırılması ilə məhdudlaşmır:
“Ümumiyyətlə, insanın şəxsiyyəti və dünyagörüşü onun davranışlarında özünü göstərir. Yəni söhbət konkret bir hadisədən deyil, daha geniş bir problemdən gedir. İnsanların başqalarını aldatması ciddi mənəvi və sosial problemdir. Bu cür davranışlar adətən birdən-birə yaranmır, müəyyən səbəblərin və uzun müddətli vərdişlərin nəticəsi olur. İnsan davamlı şəkildə yalan danışdıqca bu hal onun üçün adi hala çevrilir və nəticədə saxtakarlığa uyğunlaşma baş verir”.
Sosioloq bildirib ki, bu kimi hallardan efir məkanında danışılması narahatedici məqamdır:
“Bu, cəmiyyətə mənfi təsir göstərir və yanlış nümunələrin yayılmasına səbəb olur. Belə halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Təəssüf ki, hazırda bu sahədə yetərli nəzarət hiss olunmur. Bu proses müəyyən mənada milli toy mədəniyyətinin dəyərsizləşməsi riskini yaradır, çünki mərasimin mahiyyəti formallıq və nümayiş elementləri ilə əvəzlənir. Bu da dəyişən sosial reallıqların və dəyərlərin transformasiyasıdır”.
Ləman İmran
Globalinfo.az