Fransanın cənub-qərbini bürüyən meşə yanğınları artıq bölgədə hava şəraitinə də təsir göstərməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Bildirilib ki, yanğınlara görə “cumulonimbus flammagenitus” (pirokümulonimbus) adlanan nadir “od buludları” yaranıb.
“Bu buludlar meşə yanğınları zamanı yer səthində havanın həddindən artıq qızması nəticəsində əmələ gəlir. Qızmış hava sürətlə yuxarı qalxır, yüksək qatlarda soyuyaraq tüstü və isti havadan ibarət buludlar formalaşdırır. “Pirokümulonimbus” buludlarında demək olar ki, yağıntı olmur. Əvəzində onlar öz hava sistemlərini yaradır, güclü külək, ildırım və yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilirlər”, – deyə qeyd edilib.
Bundan başqa, Bordo ətrafında konvektiv yanğın hadisəsi qeydə alınıb:
“Yanğının yaratdığı güclü hava axınları alovun istiqamətini daim dəyişir. Nəticədə alov eyni anda bir neçə istiqamətdə yayılır ki, bu da yanğınsöndürənlərin işini xeyli çətinləşdirir”.
Qeyd edək ki, Fransada baş verən bu meşə yanğınının son 50 ilin ən böyük yanğını olduğu bildirilmişdi. Alovun əhatə etdiyi ərazi təxminən 115 min hektara çatıb.
Əliyar Xəlil
Globalinfo.az