Məktəbliləri manyaklardan necə qoruyaq? – Təklif var, icra etməyə…

 

“Azyaşlıların məktəbdən çıxarkən evlərinə rahat gedib-gəlməsi üçün təminatlı sistem olmalıdır. Yəni məktəbin bəzi imkanları olmalıdır ki, məktəbə gəlməkdə çətinlik çəkən, avtomobili olmayan ailələrin uşaqlarının təhsil ocağına gəlmələri tam dəqiq şəkildə təmin edilsin. 21-ci əsrdə olmağımıza baxmayaraq, təəssüf ki, biz hələ də bu səviyyəyə gəlib çıxa bilməmişik. Əslində, təhsilimizin ən böyük problemlərindən də biri elə budur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Fazil Mustafa azyaşlıların manyaklardan necə qorunması haqda danışarkən deyib. O bildirib ki, məktəblərin maddi-texniki bazası primitiv səviyyədədir: “Hətta çox vaxt kiçik təmir işləri və ya başqa məsələlər direktorun və müəllimlərin hesabına həyata keçirilir, büdcədən ayrılan vəsait lazımı yerlərə xərclənmir. Ona görə də uşaqların hansısa şəkildə ayrı-ayrı təhlükə ilə üzləşməsi hər zaman mümkündür. Bu da valideynləri ən çox narahat edən məsələlərdəndir. Belə halda uşaqları məktəbə gətirirlər, əgər valideyn işləyirsə, gəlib kimsə götürməlidir. Götürəcək adam yoxdursa da maddi itki sayəsində üçüncü şəxs tərəfindən reallaşır. Bu məsələlər bizim təhsilə olan münasibətimizin ümumi yekunudur”.

F.Mustafa deyib ki, təhlükəsizlik bu məxrəcdə adı gedən ən vacib məsələdir:

“Hər tində polislərin durması qeyri-real bir şeydir. Eyni zamanda, konkret olaraq gəlib-gedən uşaqların hərəkətləri üçün hərtərəfli təhlükəsizlik kameraları qoymaq mümkün deyil. Belə olan halda da hansısa cinayətkar, xuliqan uşaqlara qarşı xoşagəlməz əməllər edə bilər. Təəssüf ki, bu istiqamətdə yaxın gələcəkdə nəyinsə düzələcəyinə ümidimiz azdır. Çünki ciddi yanaşma yoxdur. Məncə bu, dövlətin ən vacib funksiyalarından biri olmalıdır”.

Millət vəkili bildirib ki, Avropa və bir sıra xarici ölkələrdə məktəbin xüsusi avtobusları gəlir və ona verilən say ilə uşaqları götürüb, evinə aparır, heç bir valideyn məktəbə uşaq aparmaq qayğısı ilə yaşamır:

“İndi məktəblərdə vəziyyət o həddə çatıb ki, 3-4 dəfədən çox uşaq oxuyur. 6 gün uşaq necə oxusun? 6 gün uşağı məktəbə necə daşıya bilərsən? Məktəblərdə adi bir tədbir keçirməyə belə akt zalı yoxdur. Hətta son vaxtlar təhsil sistemimiz tualet problemi ilə gündəmə gəldi. Mədəniyyətin ən ciddi göstəricisidir. Tək orda deyil, yüzlərlə məktəbdə bu problem var. Ona görə də acınacaqlı vəziyyətdəyik. Bizim qədər təhsilə laqeyd olan başqa bir toplum çətin ki tapılar. Təhsil sistemindəki bütün çatışmazlıqlarla bağlı insanlar tələbkar, valideynlər həmrəy olmalıdır”.

Zaira Akifqızı

Globalinfo.az