Məhkəmə Trampın seçkidə iştirakına qadağa qoydu

ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi ölkə konstitutsiyasının qiyam barədə maddəsini nəzərə alaraq sabiq president Donald Trampın ştat ərazisində keçiriləcək seçkilərdə iştirakına qadağa qoyub.

Globalinfo.az xəbər verir ki, bu qərardan sonra ABŞ Ali Məhkəməsi Respublikaçılar Partiyasının favorit namizədinin seçkilərdəki iştirakı barədə hökm verməldir.

Demokrat qubernatorların təyin etdikləri hakimlərdən ibarət ştat məhkəməsi ilk dəfədir ki, Konstitutsiyanın 14-cü düzəlişinin 3-cü hissəsini əsas gətirərək namizədi diskvalifikasiya edir.

“Bu məhkəmədə çoxluq hesab edir ki, 14-cü düzəlişin 3-cü hissəsinə əsasən Tramp president kürsüsünü tuta bilməz,” məhkəmənin 4:3 nisbətli hökmündə bildirilir.

Koloradonun ən yüksək instansiya məhkəməsi bu hökmlə dairə hakiminin əvvəlki qərarını ləğv etmiş olur. Həmin qərarı verən hakim Trampın 2021-ci il 6 yanvar iğtişaşlarının baş verməsində əli olduğunu tanısa da, mövcud maddənin prezidentlik vəzifəsinə şamil edilməsinin qeyri-müəyyən olması qənaətinə gəlmişdi.

Trampın vəkilləri istənilən diskvalifikasiya ilə bağlı dərhal ölkənin Ali Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. ABŞ Ali Məhkəməsi konstitutsional məsələlərlə bağlı yekun rəy vermək iqtidarındadır.

Trampın kampaniyası Kolorado ştat məhkəməsinin qərarına verdiyi reaksiyada onu “tamamilə qüsurlu” və “qeyri-demokratik” adlandırıb və qərardan ABŞ Ali Məhkəməsinə appelyasiya veriləcəyini bəyan edib.

“Biz tam əminik ki, ABŞ Ali Məhkəməsi qısa bir zamanda bizim lehimizə qərar verəcək və nəhayət bu Amerikaya xas olmayan məhkəmə işlərinə son qoyacaq,” kampaniya sözçüsü Steven Çeunq bildirib.

Tramp 2020-ci il seçkilərində 13 faiz fərqlə Koloradodakı prezident seçkilərini uduzmuşdu, və ümumi səsvermədə qazanmaq üçün Kolorado ştatında qələbə onun üçün həyati əhəmiyyət kəsb etmir. Lakin Tramp tərəfdarları ehtiyat edirlər ki, Amerikadakı digər ştat məhkəmələri və seçki rəsmiləri bu hökmə istinad edərək Trampı səsvermədən kənarlaşdıra bilərlər.