a0f8cb0743af09ecefdb9775f56f1730

“Mehdiyev işi” ətrafındakı proseslər həm hakimiyyətdə, həm də müxalifət düşərgəsində yeni suallar yaradıb. Xüsusilə AXCP sədri Əli Kərimlinin saxlanılması və Milli Şura üzvü Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya edilməsindən sonra ictimai müzakirələr artıb. Yalnız müxalifətin deyil, sabiq və hazırkı vəzifəli şəxslərin də məsuliyyətə cəlb ediləcəyi ilə bağlı gözləntilər artıb.

Daha kimlər həbs oluna bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, bu, kifayət qədər genişmiqyaslı məsələdir:

“Ramiz Mehdiyevin yaratmağa cəhd etdiyi “Dövlət Şurası” adlı qurumla bağlı araşdırmalar aparılır. Bildirilir ki, burada 50 nəfərlik üzv siyahısı hazırlanıb. Həmin şəxslər müxtəlif sahələri təmsil edə bilər. Hazırda araşdırmaları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır və indiyə qədər saxlanılan şəxslər müxalifət nümayəndələri olub. Lakin istintaq davam etdikcə yeni həbslərin olacağı, bunun yalnız müxalifətlə məhdudlaşmayacağı, müxtəlif ictimai-siyasi təbəqələrdən, o cümlədən keçmiş və hazırkı vəzifəli şəxslər arasında da saxlanılmaların baş verə biləcəyi istisna edilmir. Diqqətçəkən məqam odur ki, Azərbaycan dövləti vaxtında operativ şəkildə müdaxilə edərək mümkün təxribatların qarşısını alıb və prosesi peşəkarlıqla nəzarətə götürüb. Bu, təhlükəsizlik orqanlarının hazırlığını və dövlətin ictimai asayişin qorunmasına verdiyi önəmi göstərir”.

zeynal emreliyev 1

Politoloq qeyd edib ki, hər hansı şəxsin əvvəlki xidmətləri və ya vəzifəsi istintaqda üstünlük yaratmır:

“Əgər cinayət tərkibi müəyyən edilirsə, həmin şəxs məsuliyyətə cəlb olunur. Ramiz Mehdiyevin də zamanında çox yüksək vəzifə səlahiyyətlərinə baxmayaraq istintaqa cəlb edilməsi bunun bariz nümunəsidir. Görünür, prosesdə siyasi mənsubiyyət nəzərə alınmayacaq və cinayət əməlinin sübuta yetirildiyi hər bir şəxs barəsində qanuni tədbir görüləcək”.

Hüquqşünas Ramil Süleymanov bildirib ki, istintaqın gedişatında prosessual baxımdan maraqlı olan şəxslər müəyyən edildikdə, onlar müvafiq olaraq istintaqa cəlb olunur:

“Onların statusları şahid, şübhəli və ya təqsirləndirilən şəxs kimi müəyyən edilir. Ramiz Mehdiyevə qarşı hansı maddələrlə ittiham irəli sürüldüyü və istintaqın həcmi barədə dövlət qurumları rəsmi məlumat yaymadığı üçün hazırkı mərhələdə detallı açıqlama verilməsi istintaqa zərər vura bilər. Ümumilikdə adları həmin siyahıda olan şəxslər istintaq obyektiv şəkildə aparıldığı üçün vəzifədə olub-olmamasından asılı olmayaraq ifadəyə çağırıla bilər. Deputat və ya nazir müavininin toxunulmazlıq səbəbilə çağırılmaması kimi bir “istina” halı yoxdur.

ramil suleymanov

Ramil Süleymanov

Bununla yanaşı, Ramiz Mehdiyevin dövlət idarəçiliyində uzun illər yüksək vəzifə tutması və ictimai əhəmiyyət daşıyan fiqur olması bu işin cəmiyyətdə böyük maraq yaratmasına səbəb olur. Düşünürəm ki, sabiq vəzifəli şəxslərin dindirilməsi və ya istintaqa cəlb edilməsi ilə bağlı qısa, rəsmi bilgilərin verilməsi həm hüquqi aydınlıq yaradar, həm də əsassız şayiələrin qarşısını alar. İstintaqa cəlb olunanlar qanunvericiliyə uyğun olaraq məlumatların yayılmaması barədə öhdəlik götürür və prosesin gedişatına mane ola biləcək açıqlamalardan çəkinirlər”.

Qeyd edək ki, dekabrın 1-də AXCP sədri Əli Kərimliyə qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Akademik Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Ləman İmran
Globalinfo.az

Paylaş: