modi 1

Baş nazir Narendra Modi “Flydubai” aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsində həmkarının hücumuna məruz qalan pilotlardan biri – Hindistan vətəndaşı Smit Maççharın ailəsi ilə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of India” yazıb.

Modi Hindistan Dövlət Qulluğu Komissiyasının 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı sözügedən olay haqda danışıb.

O,  pilotun hazırda lazımi tibbi yardım aldığını deyib.

Baş nazirin sözlərinə görə, Maççhar hadisə zamanı “heyrətamiz səbir və soyuqqanlılıq” nümayiş etdirərək 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktına bənzər faciənin qarşısını alıb.

“Ölkəmizin hər bir vətəndaşı üçün Smitin göstərdiyi şücaət sonsuz qürur mənbəyidir”, – Modi vurğulayıb.

Qeyd edək ki,  “Flydubai” şirkətinin reyslərindən birində insident sentyabrın 30-da baş verib. Dubaydan Təl-Əvivə uçan təyyarə əvvəlcə qısa müddətlik fövqəladə vəziyyət siqnalı verib, daha sonra isə təyyarənin qaçırılması barədə məlumat vermək üçün istifadə olunan kodu göndərib.

İlkin məlumata görə, ikinci pilot təyyarənin komandirinə hücum edib, onu bıçaqla yaralayıb və layneri qəzaya uğratmağa cəhd göstərib.

Zərərçəkən Hindistan vətəndaşı Smit Maççhar olub.

KİV-in yazdığına görə, sərnişinlər hücum edən şəxsin zərərsizləşdirilməsində pilota kömək ediblər. Nəticədə təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə məcburi eniş edib. Həmin günün axşamı xüsusi xidmət təyyarəsi reysin sərnişinlərini Təl-Əvivə çatdırıb.

hind

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: