Fransada anomal isti və meşə yanğınları davam etdiyi bir vaxtda Prezident Emmanuel Makronun yaxta-ski üzərində çəkilmiş fotosu siyasətçilərin sərt reaksiyasına səbəb olub.
Globalinfo.az xəbər verir ki, Makronun Var departamentində, Breqanson qalasının yerləşdiyi ərazidə keçirdiyi tətil zamanı yaxta-ski üzərində çəkilən fotosu “Paris Match” jurnalının bu həftəki buraxılışının üz qabığında dərc olunub.
Ölkədə güclü istilər və yanğınlar davam edərkən Makronun gün eynəyi ilə yaxta-skidə əyləndiyi görüntü siyasətçilərin tənqidinə səbəb olub.
Sosialist Partiyasının baş katibi Olivye For fotoya münasibət bildirərək yazıb ki, Fransa anomal istilər səbəbindən yanarkən, insanların bir hissəsi tətilə gedə bilmədiyi halda prezident Breqansonda yaxta-ski sürür.
Deputat Aleksis Korbyer isə yaxta-skinin ətraf mühitə zərər vurduğunu qeyd edib. Onun sözlərinə görə, prezidentlə bağlı belə bir görüntünün yayımlanması Makronun “meqalomaniyasını” və ölkənin üzləşdiyi ekoloji, sosial və demokratik böhranı anlamadığını göstərir.
“Yaşıllar” Partiyasının lideri Marin Tondelye də Makronu tənqid edib. O, Fransada güclü isti, quraqlıq, tarixi meşə yanğınları, iqlim və mənzil böhranının yaşandığını, işsizlik və yoxsulluğun artdığını xatırladıb.
Qeyd edək ki, bu yay rekord temperaturun qeydə alındığı Fransada meşə yanğınları nəticəsində 117 min hektardan çox ərazi külə dönüb.
Aysel Əliyeva
Globalinfo.az