Makron Qarabağla bağlı arzusuna bu formada “çata bilər” – Ağır nəticə

Fransa Prezidenti Emmanuel Makron müstəqillik tərəfdarlarının etirazları fonunda Yeni Kaledoniyaya səfər edib. Səfər çərçivəsində ordunun lazım olduğu qədər orada qalacağını deyib.

Maraqlıdır, Makronun bu addımlarının nəticəsi necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Yeni Kaledoniyada baş verən hadisələr Fransa hökumətinin kolonialist siyasətinin nəticəsidir:

“Fransanın xarici siyasət kursunda imperialist meyillər uzun illərdir müşahidə edilir. Bundan ən çox əziyyət çəkən Yeni Kaledoniyadır. Görünür, indi onlar mübarizə aparıb haqlarını tələb etmək qərarına gəliblər. Etirazların davam edəcəyi gözlənilir. Bəzən Azərbaycanın prosesdə fiziki şəkildə  əli olduğu iddia edilir. Əslində, belə deyil. Rəsmi Bakı Parisin kolonialist siyasətindən əziyyət çəkənlərin haqq səsinin dünyaya çatdırılmasına dəstək verir. Uzun müddət ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycanın belə addım atması normaldır”.

Siyasi şərhçinin sözlərinə görə, etirazlar koordinasiyalı və davamlı olarsa, nəticədə Yeni Kaledoniya muxtariyyət əldə edə bilər:

“Makron Qarabağda ermənilərə hansısa status verilməsinə can atırdı. İndi o bu arzusuna Yeni Kaledoniyada çata bilər. İlkin mərhələdə onlara müstəqillik veriləcəyi gözlənilmir. Sadəcə hazırda əldə olunan uğurlar gələcəkdə bu prosesin baş tutmasına şərait yaradacaq. Emmanuel Makron xarici siyasət kursunda dəyişiklik etməli, başa düşməlidir ki, burnunu hər yerə soxmaq ağır nəticələrə gətirib çıxaracaq. Əvvəlcə öz ölkəsində baş verən aksiyalar, mövcud problemlərlə məşğul olmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az