Məhkəmənin detalları bəlli oldu: Əlindəki bıçağı alıb… – İlk açıqlama / YENİLƏNDİ

Bu gün qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, o, proses zamanı bu sözləri deyib:

“Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi.  Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım”.

Ekspertiza müəyyən edib ki, Rəşad Dağlı İsgəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

***

21:30

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) özünü təqsirli bilib.

O, bu barədə Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə deyib.

Rəşad Dağlı bu gün Qaradağ rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, o hadisə zamanı qətl törətmək fikrində olmayıb.

O qeyd edib ki, hadisə vaxtı bıçaq İskəndər Mehtiyevdə olub və o, Rəşad Dağlını öldürməyə cəhd edib. Rəşad isə əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İskəndər Mehtiyevi qətlə yetirib.

“Özümü müdafiə etməyə çalışdım”, – deyə qeyd edib.

“Report”un məlumatına görə, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı ən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İskəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İskəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İskəndəri bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, 26 oktyabrda azadlığa buraxılıb.

İskəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

***

21:10

Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbiri seçilib.

Globalinfo.az xəbər verir ki, Qaradağ rayon məhkəməsinində hakim Teymur Qurbanovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatı təqdim olunub.

Rəşad Dağlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.