Leyla və Arif Yunusların cinayət işi üzrə icraat dayandırıldı – YENİLƏNİB

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsindəki vaxtilə başladılmış cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya onların vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, 2016-cı ildən qeyri-müəyyən vaxta təxirə salınmış iclasda bu gün yekun olmayan məhkəmə aktı elan olunub. Hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qəbul edilən akta əsasən, iş üzrə icraat dayandırılıb: “İş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığı ilə bağlı vəsatət qaldırsaq da, məhkəmə təmin etmədi. Hesab edirəm ki, təqsirləndirilən şəxslər elektron yolla da ifadə verə bilərdilər”.

Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.

Bundan başqa, onların qızının evinə qoyulmuş həbs də götürülüb.

***12:30

Hazırda Hollandiyada olan hüquqşünas Leyla Yunus və tarixçi həyat yoldaşı Arif Yunusun barəsindəki vaxtilə başladılmış cinayət işi ilə bağlı apellyasiya məhkəməsi təyin olunub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, prosesə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyəti” tanınıb. Şikayət Yunusların müdafiəçisi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə 2020-ci ildə daxil olub. Lakin həmin vaxt təqsirləndirilən şəxslər Azərbaycanda olmadığı üçün iş qeyri-müəyyən vaxta təxirə salınıb. Yunuslar barələrindəki cinayət işi üzrə onlara bəraət verilməsini istəyirlər.

Əldə etdiyimiz məlumata görə, bugünkü prosesdə onların birbaşa iştirakı olmadan, videokonfrans vasitəsilə məhkəməyə qoşulma ilə bağlı vəsatətə baxılacaq. Vəsatət təmin olunarsa, Yunuslar xaricdən onlayn şəkildə məhkəmə prosesində tərəf kimi iştirak edə biləcəklər.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320-ci (rəsmi sənədləri saxtalaşdırma), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub. 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müvafiq olaraq Leyla Yunus 8 il 6 ay, Arif Yunus 7 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onların şərti olaraq azadlığa buraxılmasına qərar verib. Onlar azadlığa buraxılsa da, ölkədən çıxışlarına qadağa qoyulub. Daha sonra Ali Məhkəmə onların ölkədən çıxışına qoyulmuş qadağanı götürüb və hər iki şəxs Hollandiyaya köçüblər.