Leyla Abdullayevanın geyiminin diplomatik açması: “Qarabağ bizimdir, Xarıbülbül ürəyimizdir”

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Xanım Abdullayevanın təqdimatda geyimi və üzərindəki xarıbülbül nişanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri Leyla Abdullayevanın qara rəngli geyim geyməsini və yaxasına xarıbülbül taxmasının simvolik məna daşıdığını bildirib.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Həqiqətən Leyla Abdullayevanın geyimi və geyimindəki xarı bülbül xüsusi mənası var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan diplomat, politoloq Fikrət Sadıqov deyib ki, klassik protokol qaydalarına görə, kişi və qadın diplomatlar xüsusi geyimdə etimadnamələrini təqdim etməlidir:

“Adətən kişilər “smokin”, bəzi ölkələrdə isə “frak” geyinir, qadınlar isə ciddi bir qara formada olmalıdır.

Fikrət Sadıqov: "Azərbaycan prezidenti Makrona layiqli cavab verdi"

Əlbəttə ki, Leyla xanımın xarıbülbül nişanını geyinməsinin xüsusi mənası var. O, bu yolla demək istəyir ki, xarıbülbül Azərbaycan torpağındadır və Qarabağ da ölkəmizin ayrılmaz tərkib hissəsidir. Bunu birmənalı şəkildə həm Fransa xalqı, həm də Prezident Emmanuel Makron görməlidir.

Bir tərəfdən xanım Abdullayeva klassikanı pozmur, eyni zamanda xarıbülbüllə bunu bildirir ki, ermənilərin Qarabağa heç bir aidiyyəti yoxdur. Biz bununla fəxr edirik ki, xarıbülbül Azərbaycanın simvoludur.

Sosial şəbəkənin Azərbaycan seqmentində Leyla Abdullayevanın geyimi və rəftarı böyük rəğbətlə qarşılanıb. İstifadəçilər xanım səfirin ölkəsini layiqincə təmsil etdiyini fəxrlə qeyd edirlər.
L.Abdullayevanı Mirzə Fətəli Axundovun personajları olan qadınlarla müqayisə edənlər də var. Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah’” əsərində fransız kimyagər Müsyö Jordanı görüb, yaşmaqlanan, həmçinin nişanlısını Fransaya oxumağa getməyə qoymayan 150 il öncəki Azərbaycan qadınları ilə bu günkü reallıq arasında paralellər aparılır. Ardınca da belə qeydlər verilir: “Axundov bu gün Leyla Abdullayevanı görsə idi, yəqin qürur duyub, sevinərdi”.

Turan Rzayev
Globalinfo.az