Lənkəranda diş həkimi buna görə bıçaqlanıb – Təfərrüat

Lənkəranda diş həkiminin bıçaqlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

Globalinfo.az-ın xəbərinə görə, stomatoloqu əməliyyat edən həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə Cəlal Azadov ağır vəziyyətdə xəstəxanaya qəbul olunub və əməliyyata götürülüb. C.Azadov 20-yə yaxın kəsilmiş-deşilmiş xəsarət alıb. Onun vəziyyəti orta ağırdır.

Yaxınlarının sözlərinə görə, hadisəni törədən Nihad Malızadə Cəlal Azadovla qonşu olub. Onun atası diş həkiminin qardaşının çayxanasında xidmətçi işləyib və nöqsanlara görə işdən çıxarılıb. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və onu çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə onu evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlal Azadova bıçaq zərbələri endirib. Sükan arxasında olan sürücü Cəlal Azadov idarəetməni itirib. Avtomobil qarşıdan gələn digər maşına çırpılıb. Cəlalın vurulduğunu görən qardaşı onu təcili xəstəxanaya çatdırıb.