“KTMT üzvləri Azərbaycanın dostlarıdır” – Paşinyanın çıxışının pərdəarxası

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün media mənsubları ilə görüş keçirdi. Bu mətbuat konfransı N.Paşinyanın pandemiyadan sonra jurnalistlərlə ilk canlı təması idi. O bir sıra vacib məqamlara toxunub.

Globalinfo.az-a mövzunu şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, istər Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi, istərsə də Ermənistan Baş nazirinin media ilə təması 11 yanvar 2021-ci il tarixli görüşdən keçən iki il ərzində danışıqların hesabatı idi.

Ekspertin sözlərinə görə, Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması haqda suala cavabında Rusiyanın təqdim etdiyi şərtlər əsasında sənədi imzalamağa hazır olduğunu deyib:

“Əslində bu gün belə bir sənəd yoxdur. Paşinyanın bu fikri manipulyasiyadır. O, dəfələrlə Moskvada sülh sazişini imzalayacağını deyib, amma fərqli addımlar atıb. Onun açıqlaması Rusiya ilə bu mərhələdə münasibətlərin yumşalmasına hesablanmış addım, erməni riyakarlığıdır. Bundan əlavə, Paşinyan Rusiyanın maraqlarının əleyhinə fikirlər də səsləndirib. O, görüşdə beynəlxalq hüquqla Ermənistanın heç bir halda təsir edə bilməyəcəyi proseslər haqda fikir bildirib. BMT Təhlükəsizlik Şurasının qərarı ilə sülhməramlıların bölgəyə yerləşdirilməsilə bağlı deyib ki, “biz KTMT-nin regiona gəlməsi üçün çalışdıq, lakin Ermənistanın hərbi müttəfiqi olmasına baxmayaraq, təşkilatın üzvləri Azərbaycanın dostlarıdır və onu daha çox dəstəkləyirlər. KTMT-nin bura cəlb olunmasını gözləmək lazım deyil, bu heç bir nəticə verməyəcək”. O, rus sülhməramlılardan sonra BMT sülhməramlılarının burada yerləşə biləcəyini deyib”.

Y.Hacıyevanın sözlərinə görə, Paşinyan Rusiya sülhməramlıların fəaliyyətinin dəyərləndirilməsi haqda danışarkən iki ildən sonra rəy verəcəklərini söyləyib:

“Ancaq rus sülhməramlıların burada ikinci müddət üçün qalması və ya onların əvəzinə hər hansı sülhməramlı qüvvənin yerləşdirilməsi Ermənistanın deyil, Azərbaycanın qərar verəcəyi mövzulardır. Azərbaycan Prezidenti də dünən Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində qalma müddətinin uzadılmayacağı ətrafında fikirlər səsləndirdi”.

Ekspert əlavə edib ki, Nikol Paşinyan “kommunikasiyalar qlobal əhəmiyyətli olduğu üçün açmağa məcburuq” açıqlamasını da verdi:

“Bu Üçtərəfli bəyanatın 9-cu bəndinə görə kommunikasiyaların hamısının açılması haqda mesaj idi. Eləcə də Paşinyan çıxışında Fransanın BMT TŞ-dakı addımlarını faktiki olaraq etiraf etdi və aydın oldu ki, bu proseslər elə Ermənistanın təşəbbüsüdür və Azərbaycan əleyhinə Fransa vasitəsilə sənəd qəbul etdirməyə çalışırmış. Paşinyanın açıqlamaları hər zamankı kimi reallığın təhrif olunması, beynəlxalq təşkilatlar və beynəlxalq müstəvidə müdafiə olunmaq, yalan məlumatlarla psevdoreallıqlar formalaşdırmaq cəhdi idi”.

Gülnar Səlimova
Globalinfo.az