Rusiya-Ukrayna müharibəsində vəziyyət hələ də gərgin olaraq qalır. Analitiklərin fikrincə, Kremlin hərbi məqsədlərinə çatması üçün illər tələb oluna bilər. Bildirilir ki, Rusiya ordusunun cəbhədə çox ləng irəliləməsi münaqişənin uzunmüddətli olacağından xəbər verir.
Müharibənin gerçək xarakteri necə qiymətləndirilir? Rusiya müharibə qərarı verdiyinə görə peşmandırmı?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, hazırda müharibənin gedişatında Rusiya zəif də olsa, müəyyən istiqamətlərdə irəliləyir:
“Əsas döyüşlər Donbas cəbhəsində cəmlənib. Strateji baxımdan Rusiyanın məqsədi bu bölgədə qalan iki-üç əsas şəhəri ələ keçirməkdir. Bunlar nəzarətə götürüldükdən sonra Moskva Donbasın tam işğalını başa çatdırmağı və təmas xətti nəzərə alınmaqla atəşkəs müqaviləsi imzalamaq üçün danışıqlar masasına oturmağı planlaşdırır. Digər tərəfdən, ABŞ Rusiyanın enerji sektorunu ciddi şəkildə hədəfə alıb. Son dövrlərdə “Rosneft” və “Lukoyl” şirkətlərinə tətbiq edilən sanksiyalar Moskvanı iqtisadi baxımdan çətin vəziyyətə salıb. Kremlin əsas gəlir mənbəyi məhz enerji, xüsusilə də neft sektorudur. Bu sahənin sanksiyalara məruz qalması iqtisadiyyatları üçün ciddi mənfi nəticələr doğurur. Bu səbəbdən Rusiya qış mövsümünə qədər Donbas cəbhəsində üstünlük qazanmağa çalışır”.
Zeynal Əmrəliyev
Politoloq qeyd edib ki, “qış əməliyyatı” planı çərçivəsində hücumların daha da intensivləşməsi gözlənilir:
“Lakin Rusiyanın zəif irəliləməsinin bir sıra səbəbləri var. Bunlardan biri resurs çatışmazlığı, xüsusilə insan ehtiyatlarının məhdudluğudur. Artıq vəziyyət o həddə çatıb ki, Rusiya hətta Şimali Koreyadan yardım gözləyir və oradan əsgərlərin cəlb olunması ehtimal olunur. Rusiyanın federal subyektlərində narazılıq artır, çünki əhali, xüsusilə gənclər hərbi səfərbərliyə göndərilmək istəmirlər. Bundan əlavə, silah təminatı da kifayət qədər güclü deyil. Baxmayaraq ki, Rusiya son illərdə müasir silahlar istehsal edib, bu, Ukrayna müharibəsində istifadə üçün səmərəli sayılmır. Çünki əksəriyyəti uzaqmənzilli və çox bahalı raket sistemləridir, bu isə Moskva üçün əlavə maliyyə yükü yaradır”.
Z.Əmrəliyev bildirib ki, hazırda Rusiyanın iqtisadi vəziyyəti də gərgindir:
“Ölkədəki bütün əsas birjalarda vəziyyət pisləşib, “Rosneft” və “Lukoyl” kimi iri şirkətlərin səhmləri kəskin şəkildə ucuzlaşıb. Bank sektorunda da ciddi böhran müşahidə olunur və bu, əsasən Qərbin, xüsusilə ABŞ-ın tətbiq etdiyi sanksiyaların nəticəsidir. Bunları nəzərə alan Kreml mövcud iqtisadi təzyiqləri azaltmaq və danışıqlarda daha əlverişli mövqe qazanmaq məqsədilə qış əməliyyatlarını daha da aktivləşdirməyə çalışacaq. Əsas hədəf Donbas cəbhəsində həlledici nəticələr əldə etməkdir”.
Ləman İmran
Globalinfo.az