Kreml qondarma rejimin pulunu kəsdi: Simonyandan çağırış

“Rusiya hökumətindən sonra onun nəzarətindəki təbliğatçılar da qondarma “Abxaziya Respublikası”na qarşı hücumlara başlayıblar”.

Globalinfo.az xəbər verir ki, bu dəfə Kreml təbliğatçılarının Abxaziyadakı Qeyri-hökumət təşkilatlarını (QHT) hədəf aldığı bildirilir.

Kremlin təbliğatçılarından olan “RT” telekanalının rəhbəri Marqarita Simonyan “Vladimir Solovyevlə axşam” verilişində çıxış edərək Abxaziyada ABŞ-ın maliyyələşdirdiyi QHT-lərin gücləndiyini deyib.

O, qondarma “respublikada” belə təşkilatların yüzlərlə olduğunu söyləyib. Simonyan iddia edir ki, bu QHT-lər Abxaziyanın Gürcüstana inteqrasiyasını təmin edib, Kemlin təsirini azaltmaq istəyirlər:

“Yazıq Aslan Bjaniya (qondarma rejimin lideri) çalışır ki, bunlarla mübarizə aparsın, lakin bacarmır. Çünki Abxaziya demokratik ölkədir və onların seçkiləri, parlamentləri və s. var. Dəhşətlisi odur ki, bu QHT-lərin əksəriyyəti gənclərlə işləyirlər. Onların Rusiyadan üz çevirib, Amerikaya dönmələrinə çalışılır. Həmin gənclərin çox hissəsi isə Rusiya vətəndaşlarıdırlar”.

Bundan sonra çıxış edən rusiyalı jurnalist Vladimir Solovyev o şəxslərin hamısının həbsxanaya atılmalı olduğunu deyib.

Qeyd edək ki, Abxaziya ilə Rusiya arasında gərginlik bir müddətdir davam edir. Moskva separatçı rejimi götürdüyü öhdəlikləri icra etməməkdə, Abxaziyanın daşınmaz əmlak sektorunu xaricilərə açmamaqda ittiham edir. Buna əsas maneəni isə müxalif deputatlar törədirlər. Moskva cavab tədbiri kimi Abxaziyaya sosial ödənişlər üçün verdiyi vəsaiti kəsib. Digər tərəfdən isə Kreml qondarma rejimi müxalif “deputatlarını” Rusiya vətəndaşlığını ləğv etməklə hədələyib.

Əliyar Xəlil
Globalinfo.az