Ukraynanın fantastik istəyi – Həlledici mərhələ başladı

Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib ki, Kiyev ABŞ-dan 60 milyard dollardan çox maliyyə yardımı gözləyir.

Maraqlıdır, ABŞ Kiyevin istədiyi məbləği verəcək? Yardımların çatdırılmaması Ukrayna-ABŞ münasibətlərinə necə təsir edəcək?

Mövzu barədə Globalinfo.az-a danışan politoloq Aytən Qurbanovanın sözlərinə görə, son günlərdə verilən bəyanatlar və atılan addımlar bir daha göstərir ki, ABŞ və Avropanın bəzi güc mərkəzləri arasında Ukraynaya dəstəklə bağlı ciddi fikir ayrılıqları var:

“İki ilə yaxındır davam edən müharibə ölkənin bütün potensialını yox edib və demək olar ki, xarici dəstək hərbi əməliyyatların davam etdirilməsi üçün həlledici amilə çevrilib. Digər tərəfdən, hadisələrin gedişatı göstərir ki, verilən iqtisadi, siyasi və hərbi dəstəyə baxmayaraq, Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsi bugünkü şəraitdə real deyil. Ona görə də danışıqların bərpa olunması haqda təkliflər daha yüksək səslə ifadə olunmağa başlayıb.

Aytən Qurbanova

Lakin danışıqların belə bir şəraitdə bərpa olunması Rusiyanın qələbəsi deməkdir. Çünki masa arxasında müzakirə olunacaq əsas məsələnin nəinki Ukraynanın ərazi bütövlüyünün qeyd-şərtsiz bərpa edilməsi olmayacaq, hətta müharibədən sonra itirilmiş ərazilərin də bir qisminin taleyinin qeyri-müəyyən olaraq qala biləcəyi ehtimal edilə bilər. Təbii ki, belə bir vəziyyətdə Ukrayna danışıqların bərpa edilməsinə razı ola bilməz, amma Qərbin dəstəyi olmadan hərbi əməliyyatların davam etdirilməsi də mümkün deyil. Yəni ABŞ başda olmaqla Qərb dövlətlərinin Ukrayna ilə bağlı verəcəyi qərar müharibənin gedişatına təsir edəcək həlledici məqamdır”.

Turan Rzayev
Globalinfo.az