
Fevralın 28-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü böyük səs-küyə səbəb oldu. Tramp Zelenski ilə yaşanan mübahisədən sonra Ukrayna prezidentinin sülhə hazır olmadığını, onun Rusiya liderinə nifrət bəslədiyini bildirib.
Lakin ABŞ prezidentinin hələ ukraynalı həmkarı ilə görüşdən öncə mətbuata açıqlamaları xüsusi diqqət çəkib. Donald Tramp Kiyev və Moskva arasında sülh müqaviləsi imzalandıqdan sonra Rusiyanın bir daha Ukraynaya hücum edəcəyinə inanmadığını söyləyib.
Bəzi ekspertlərin fikrincə, Tramp sürətlə Rusiya Prezidenti Vladimir Putini neytrallaşdırmağa və sülh müqaviləsini imzalatmağa çalışır. Həmçinin mövcud gedişat Ukraynanın NATO-ya üzvlüyü ehtimalının mümkünsüzləşməsi kimi də dəyərləndirilir.
Kiyevin alyansa üzvlüyü hansı halda mümkün ola bilər? Tramp Ukraynanı bu addımlarla xilas etməyə çalışır, yoxsa məqsəd fərqlidir?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ABŞ Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əlindən gələni edir:
“Bu gün müharibənin davam etməsini istəyən bir çox Avropa siyasətçisi ABŞ Prezidenti Donald Trampın nə etməyə çalışdığını anlamır. Müharibənin davam etməsi Kiyevə heç bir müsbət divident vəd etmir, əksinə bu, rus işğalının genişlənməsinə səbəb ola bilər.
İlyas Hüseynov
ABŞ Rusiya ilə müharibənin mənasızlığını dərk edir. Düşünürəm ki, proses müharibənin bitməsinə hesablanıb. Lakin bu, mövcud reallıqlara uyğun olaraq baş tutacaq. Yəni Ukraynanın müharibənin davam etmək təklifləri də boşdur. Mövcud şərtlər daxilində Kiyevin NATO-ya qəbul edilməsi mümkün deyil.
Müharibə başa çatdıqdan sonra mövzu ilə bağlı danışmaq olar, lakin döyüşlər davam etdiyi müddətdə bu məsələ müzakirə mövzusu deyil. Kiyev mineral ehtiyatlarının istismarı haqda düşünməlidir. ABŞ-a səfər zamanı bu məsələ haqda müzakirənin aparılması nəzərdə tutulsa da, konkret razılıq əldə olunmadı. Belə bir hal gözlənilirdi. Hesab edirəm ki, Kiyev üçün əsas imtahan indi başlayır”.
Turan Rzayev
Globalinfo.az