Kiviryan xəbərdarlıq etdi: “Rusiya Ukraynadakı problemlərini həll edən kimi…”

“Ermənistan hakimiyyəti Moskvanın üzərinə götürdüyü məsuliyyəti yerinə yetirməməsi üçün hər şeyi edib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməli olduğu halda əks addım atıb. Belə ki, Moskvanın heç bir məsuliyyət daşımaması üçün hər şeyi edib.

“Niyə Rusiya Ermənistana qarşı sanksiya tətbiq etmir? Çünki hazırki vəziyyət Rusiyanın maraqlarına uyğundur. Moskva bilir ki, Qərbin bölgəyə daxil olması ermənilər üçün vəziyyəti daha da çətinləşdirəcək. Rusiya ermənilərin sonunun pis olacağını anlayır. Amma heç bir addım atmır. Çünki Moskva Ermənistanı günahlandıracaq və İrəvanın Qərbi seçməklə səhv etdiyini deyəcək”.

O, “Artsax” məsələsində ermənilərin Qərbə arxalandığına və indi də Paşinyan Qərbin dəstəyini almaq üçün Tavuşun kəndlərini təhvil verməyə hazır olduğuna diqqət çəkib.

“Bu, o deməkdir ki, bütün Ermənistan qurbana çevrilə bilər. Moskva çox gözəl başa düşür ki, Qərb erməniləri ruslara qarşı qoymaq istəyir. Rusiya isə Ermənistandan sanksiyalardan yan keçmək üçün yararlanır. Eyni zamanda Moskva Gümrüdə bazanın mövcudluğunun davam etməsində maraqlıdır”.

Erməni eksper bildirib ki, Moskvanın Ermənistanda iqtisadi rıçaqları var.

“Gümrüdəki bazanın çıxarılması isə Rusiyanın razılığı olmadan mümkün deyil. Hələlik Ermənistan Rusiya üçün ciddi təhlükə yaratmır. Rusiya Ukraynadakı problemlərini həll edən kimi Ermənistan və Gürcüstanla məşğul olacaq”, – deyə Kiviryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az