Kişinyov görüşündə ofsaytda qalan lider – Bakının sərrast gedişi

“Prezident İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş dialoq mühitinin davamlılığı baxımdan və Azərbaycanın yeni reallıqları kommunikasiyası baxımdan müsbət qiymətləndirilməlidir. İlk olaraq ona görə ki, Azərbaycan bizim üçün məqbul platforma olan Brüssel prosesinin davamlılığını təmin edə bildi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Brüssel prosesi Fransanın dağıdıcı fəaliyyəti ilə faktiki olaraq pozulmaq üzrə idi və yalnız 7 ay sonra, bu il mayın 14-də yenidən bərpa olunmuşdu:

“Lakin prosesin davamlılığı üçün növbəti təmas vacib idi və dialoqun məhz Avropa Siyasi Birliyinin Zirvə görüşü çərçivəsində davam etməsi prinsipial əhəmiyyət daşıyırdı. Çünki Fransa Brüssel formatını məhz Avropa Siyasi Birliyinin birinci Zirvə görüşündə hədəfə almışdı.

İkinci vacib məqam, Azərbaycanın bu prosesə 7 ay öncəki təmaslardan daha güclü və daha geniş imkanlara malik formada qatılması oldu. Bildiyiniz kimi, ötən dövr ərzində qan tökmədən və peşəkarcasına həyata keçirilən 10-dan artıq əməliyyat tədbirləri ilə Azərbaycan Ordusu ciddi strateji mövqelərdə möhkəmlənib, həmçinin bütün beynəlxalq hüquqazidd təsirlərə baxmayaraq, rəsmi Bakı suveren hüquqlarını reallaşdıraraq Laçında sərhəd-buraxılış məntəqəsi qurmaqla regionun əsas iradə sahibi kimi özünü bir daha təsdiqləyib. Cənab İlham Əliyev beynəlxalq ictimaiyyətə Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqlar prosesi ilə Qarabağ erməniləri məsələsinin tamamilə ayrı mövzular olduğunu, Qarabağda reinteqrasiya probleminin Azərbaycanın daxili işi olduğunu qəbul etdirə bilib. Cənab Şarl Mişelin də dünən mediaya açıqladığı mövqeyinə diqqət etsək, bu istiqamətdə sual doğuracaq məqam yoxdur”.

Bəhruz Məhərrəmov

B.Məhərrəmov deyib ki, Kişinyovun görüşünün digər vacib məqamı birinci Zirvə görüşündə pozuculuq etmiş Fransanın budəfəki təmaslarda faktiki zərərsizləşdirilməsi oldu:

“Yəni Emmanuel Makron və Olaf Şoltsun beştərəfli müzkirələrdə iştirakı bütövlükdə qeyri-formal xarakter daşıdı. Üstəlik, cənab İlham Əliyev bu formatı fürsətə çevirdi və Azərbaycanın ötən dövr ərzində dəyişdiyi reallıq birbaşa Fransa və Almaniyaya liderlərinə kommunikasiya olundu”.

Deputat deyib ki, Kişinyov görüşünün bütövlükdə əhəmiyyətinə gəlincə, biz istənilən müzakirə platformasını qiymətləndirmək üçün öncə müstəvinin xarakteri və məqsədlərinə diqqət yetirməliyik:

“Brüssel prosesinə gəlincə, biz unutmamalıyıq ki, cənab Mişelin vasitəsilə aparılan müzakirələr daha çox intensiv və effektiv koordinasiya xarakteri daşıyır və bu isə cənab İlham Əliyevin ən qısa müddətdə sülhə nail olunması mövqeyi ilə üst-üstə düşür. Bilirsiniz ki, beştərəfli görüşdə məhz dialoqun intensivləşdirilməsi mövqeyi ifadə olundu və qərara alındı ki, 21 iyul Brüsseldə üçtərəfli görüş keçirilsin. Eyni zamanda bu dövr ərzində Xarici İşlər nazirləri Vaşinqtonda sülh müqaviləsi ilə bağlı detalları müzakirə etmək üçün növbəti dəfə görüşəcəklər.

Proseslərin nəticəyönümlüyünə gəldikdə, əlbəttə, Bakı Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılan müzakirələri pozitiv qiymətləndirir və cənab İlham Əliyev də Avropa İttifaqı Şurası Prezidentinə səylərinə görə bir neçə dəfə təşəkkürünü ifadə edib. Lakin ötən 31 il ərzində Ermənistanın qeyri-adekvat davranışları fonunda Azərbaycan daim sadiq qaldığı dialoqa son çarə kimi baxmır. Çünki biz müharibə başa çatan kimi sülh təklif etmişik, bunun üçün ciddi səylər, səbir və təmkin nümayiş etdiririk, əgər sülh müqaviləsi imzalanacaqsa, bölgə üçün yeni dövr başlanacaq. Yox əgər sülh prosesi süni şəkildə uzadılacaqsa və sülh prosesi pozulacaqsa, bundan ən çox Ermənistan zərər çəkəcək”.

Zaira Akifqızı
Globalinfo.az