Dərs ilinin sonlarına yaxınlaşdıqca Bakıda kirayə mənzil bazarı ilə bağlı gözləntilər artır. Bildirilir ki, tələbələrin rayonlara qayıtması fonunda kirayə mənzil bazarında müvəqqəti ucuzlaşma ola bilər.
Bu fikirlər nə qədər əsaslıdır? Kirayə mənzillərin qiymətində hansı dəyişikliklər olacaq?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, kirayə mənzil bazarında yaxın dövrdə ucuzlaşma gözlənilmir:
“Çünki Bakıda kütləvi söküntü işləri aparılır. Sökülən ərazilər əsasən istismar müddəti başa çatmış köhnə 3, 4 və 5 mərtəbəli binalardan, eləcə də fərdi yaşayış evlərindən ibarət yaşayış massivləridir. Ən ucuz və əlçatan kirayə mənzillər məhz həmin ərazilərdə yerləşirdi. Bu binaların sökülməsi həmin ərazilərdəki ucuz kirayə mənzillərinin birdəfəlik bazardan çıxmasına səbəb olur”.
Ekspert əlavə edib ki, sökülən yaşayış binalarının yerində yeni tikililər inşa olunduqca, həmin ərazilərdə kirayə qiymətləri köhnə binalarla müqayisədə az qala iki dəfə baha təklif olunur:
“2040-cı ilə qədər paytaxt Baş plan əsasında formalaşacaq. Bu isə o deməkdir ki, şəhər ərazisində vətəndaşlar üçün əlçatan kirayə mənzillər çox məhdud sayda olacaq. Digər tərəfdən, evi sökülən sakinlər yeni mənzillə təmin olunana qədər məcburi şəkildə kirayədə qalırlar. Bu da kirayə mənzillərin böyük hissəsinin uzun müddət paytaxt sakinləri tərəfindən tutulmasına səbəb olur”.
Elnur Fərzəliyev
E.Fərzəliyev qeyd edib ki, mənzillərin kirayə qiymətləri adətən onların satış dəyərinin təxminən 0,5 faizi nisbətində müəyyən olunur:
“Əmlak bazarında satış qiymətləri artdıqca, kirayə haqları da yüksəlir. Təxminən 10 il əvvəl metrostansiyalara yaxın ərazilərdə bir otaqlı mənzilin satış qiyməti 60-65 min manat, kirayə qiyməti isə 250-300 manat idi. Hazırda isə həmin tip mənzillər 100 min manatdan baha təklif olunur, kirayə haqları isə təxminən 500 manat civarındadır. Yəni qiymət artımına həm söküntülər, həm də əmlak bazarında ümumi bahalaşma təsir edir. Bu tip mənzillər söküldükdən sonra isə həmin qiymətə alternativ tapmaq mümkün olmur”.
Zaira Akifqızı
Globalinfo.az