Kılıçdaroğlu Azərbaycan çıxışında mesaj verdi – Gözdən qaçan detal

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, “Millət İttifaqı”nın Türkiyə prezidentliyinə namizədi Kamal Kılıçdaroğlu təqdim etdiyi “Yeni İpək Yolu” layihəsində Azərbaycana niyə yer verilməməsindən danışıb. O, Zəngəzur dəhlizi layihəsinin vacib olduğunu, prezident seçilərsə, ikinci səfərini Bakıya edəcəyini, Azərbaycan və digər türk dövlətləri ilə münasibətləri daha da yaxşılaşdırmaq, daha güclü iqtisadi əlaqələr formalaşdırmaq istədiyini bildirib. Onun açıqlaması bir qisim tərəfindən təqdir edilsə də, əksəriyyət bunu “ötəri cavab” adlandırıb.

Kılıçdaroğlunun bu açıqlaması Azərbaycan cəmiyyəti üçün nə dərəcədə qanedici idi? Türkiyədə bütün partiyaların Azərbaycana eyni münasibət bəslədiyini, iki ölkə arasında əlaqələrin dəyişməyəcəyini deməsini səmimi qəbul etmək olarmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, Kamal Kılıçdaroğlunun Azərbaycana münasibəti bir cümləsində belə özünü büruzə verdi:

“Kamal Kılıçdaroğlunun sözügedən məsələyə cavabını mən də dinlədim, amma açıqlamasını səmimi hesab etmirəm. Azərbaycan və Türkiyə arasında münasibətlər hər zaman fərqli formada olub. Lakin Kamal Kılıçdaroğlunun Azərbaycana münasibətinin necə olduğunu, hazırkı iqtidardan nə ilə fərqləndiyini bir cümlə ilə demək olar. Məsələn, Türkiyənin mövcud hakimiyyət nümayəndələri bizə müraciətlərində hər zaman “Can Azərbaycan” deyə müraciət ediblər. Kılıçdaroğlu isə “digər türk dövlətləri ilə yanaşı, Azərbaycana da münasibətimiz” şəklində fikirlərini bildirdi. Yəni digər türk dövlətləri ilə eyni dərəcədə.

Həmçinin prezident seçiləcəyi halda ilk səfərini Şimali Kipr Türk Respublikasına, ikinci səfərini isə Azərbaycana edəcəyini dedi. Amma indiki iqtidar istər prezident, istərsə də parlament seçkilərindən sonra ilk əlaqələri Azərbaycanla yaradıb, ilk səfərləri də Bakıya olub. Bu da onun Azərbaycana münasibətinə bir nümunədir”.


Tural Abbaslı

Tural Abbaslı Kılıçdaroğlunun ruhunda türkçülük olmadığını deyib:

“Eyni zamanda həm seçkilər, həm də Vətən müharibəsi ərəfəsində Kamal Kılıçdaroğlunun təmsil etdiyi düşərgənin nümayəndələrinin Qabağ məsələsi, Azərbaycanla bağlı mövqeləri hər kəsə məlumdur. Kaş “Təəssüf ki, biz II Qarabağ müharibəsində Azərbaycanın yanında olduq” deməsinin səbəbini də izah edərdi. Yəni bu nə deməkdir? Sadəcə CHP rəhbəri “Yeni İpək Yolu” xəritəsi məsələsindən sonra ona qarşı olan tənqidi reaksiyaları və Azərbaycanın münasibətini nisbətən yumuşaltmaq üçün ümumi məzmunda bir çıxış etdi. Məsələyə aydınlıq gətirmədi, amma hazırkı iqtidarın Azərbaycana münasibətini əməldə görürük. Bütün bunları nəzərə alaraq ən uyğun namizədin elə Rəcəb Tayyib Ərdoğan olduğunu düşünürəm.

Kılıçdaroğlunun ruhunda türkçülük, türk-islam təəssübkeşliyi yoxdur. O baxımdan açıqlamalarını səmimi və qanedici hesab etmirəm”.

Qeyd edək ki, bu, sadəcə 13-cü Türkiyə prezidenti postuna namizəd Kamal Kılıçdaroğlunun Azərbaycanla bağlı açıqlamasına bir yanaşma məzmunu daşıyır. Türkiyə seçkilərində prezidentin kim olacağına qərar xalqın təqdirinə bağlıdır. Azərbaycan Türkiyə xalqının kimi seçməsinə sadəcə hörmətlə yanaşır və xalqın seçimini dəstəkləyir.

Ayşən Mustafa
Globalinfo.az