
Türkiyə və Rusiya rəsmiləri İstanbulda keçirilən məsləhətləşmələrdə bir araya gəlib.
Globalinfo.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları Suriya və Fələstin olmaqla, Yaxın Şərqdəki son vəziyyət olub.
Türkiyə tərəfi Suriya ilə bağlı bu ölkənin ərazi bütövlüyünün qorunmasına və sabitliyin təmin olunmasına önəm verdiyini, eyni zamanda Qəzzada baş verən qətliamın dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, görüşlər nazir müavinləri səviyyəsində keçirilib. Türkiyə tərəfini xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı isə onun həmkarı Mixail Boqdanov təmsil edib.
İki ölkə rəsmiləri arasında aparılan məsləhətləşmələr zamanı regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir müavini Nuh Yılmaz bildirib ki:
Türkiyənin Suriyaya dair əsas prioriteti bu ölkənin ərazi bütövlüyünün və birliyinin qorunması, bununla da sabitlik və təhlükəsizliyin təmin olunmasıdır;
Suriya ilə bağlı proseslər Türkiyənin milli təhlükəsizliyi baxımından da diqqətlə izlənilir;
Suriya hökumətinə siyasi və maliyyə baxımından dəstək verməyin ən effektiv yolu mövcud sanksiyaların aradan qaldırılmasıdır.
Yılmaz həmçinin İsrailin həm Suriya ərazisinə hücumlarının, həm də Qəzzadakı qətliamın dərhal dayandırılmasının vacibliyini bir daha ifadə edib.
Aysel Əliyeva
Globalinfo.az