Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, telefon danışığı zamanı Hakan Fidan Suriyanın işlərinə kənardan müdaxiləyə son qoymağa və ölkədə sabitliyin tezliklə bərpasına çağırıb.
Fidan İsrailin Suriyanın cənubuna və Dəməşqə zərbələr endirməsindən narahatlığını dilə gətirib. Bu cür hərəkətlərin regional təhlükəsizliyə xələl gətirdiyini və sülh yolu ilə nizamlanmaya mane olduğunu qeyd edib. O, maraqlı tərəflərin sülhə nail olmaq üçün səylərini birləşdirməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Dəməşqə endirdiyi zərbələri Suriyanın yeni hakimiyyət orqanlarının sabitlik istəklərinə qarşı təxribat adlandırıb.
Xatırladaq ki, İsrail ordusu Suriyanın Dəməşqdəki Baş Qərargah kompleksinə zərbə endirib. İsrailin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, Suriya qoşunları Suriya, Livan, İsrail və İordaniyada yaşayan etnik və dini qrup olan druzların məskunlaşdığı Əs-Suveyda şəhərindən çəkilməsə, zərbələr davam edəcək.
Məlumat üçün bildirək ki, Suriyadakı druz əhalisinin sayı təxminən 700 min nəfərdir.
Əliyar Xəlil