Mayın 30-31-də İsrail Prezidenti İshaq Hersoq Azərbaycana səfər edəcək. Səfər ölkəmizdə olduğu kimi dünyada da geniş maraqla qarşılanır. Xüsusilə son zamanlar Azərbaycan-İsrail münasibətlərinin strateji tərəfdaşlıq kontekstinə keçməsi başda İran olmaqla, bir çox ölkəni narahat edir. Rəsmi Tehran mümkündür ki, bu səfərdən də narahatdır.
Maraqlıdır, İsrail prezidentinin Azərbaycan səfəri fonunda İranın Azərbaycana qarşı təxribat törətməsi mümkündürmü?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsrail prezidentinin Azərbaycana səfər etməsi haqda müxtəlif informasiyalar var idi:
Əlimusa İbrahimov
“Yəni bu yeni bir xəbər deyil. İki ölkə rəsmiləri səviyyəsində bu səfərin baş tutmasına dair danışıqlar gedirdi. Hətta demək olar ki, İran tərəfi də belə bir səfərin olacağını bilir. Lakin İsrail prezidentinin Azərbaycan səfəri və bu səfər fonunda rəsmi Tehranın bu və ya başqa formada təxribatlar törətməsi mümkündür.
Prinsip etibarilə İran, bu səfər olsun və ya olmasın, son zamanlar ardıcıl şəkildə ölkəmizə qarşı təxribatçı əməllərə imza atır. Yəni İranın ölkəmizə qarşı təxribat həyata keçirməsi üçün mütləq şəkildə İsrailli və ya başqa bir ölkəni təmsil edən rəsmi şəxsin səfəri şərt deyil. Lakin daha bu təxribatların və ya sözlü etirazların heç bir əhəmiyyəti yoxdur.
Bu gün İranda yaxşı başa düşürlər ki, İsrail-Azərbaycan münasibətləri qarşısı alınmaz bir səviyyəyə çatıb. Düzdür, bu günə qədər İran tərəfi münasibətlərin inkişaf etməməsi üçün çox çalışıb, hətta bəzən buna nail da olub. Lakin bu gün vəziyyət tamamilə fərqlidir. Azərbaycan İsraildə səfirlik açdıqdan sonra İranın bu istiqamətdə atacağı istənilən addım əbəsdir.
Azərbaycan bu gün dünya siyasi arenasında öz sözünü deyən, müstəqil xarici siyasət yeridən bir ölkədir. Nəinki İran, heç bir ölkə bizə digər ölkələr ilə təmaslar qurmamağımızı diktə edə bilməz”.
Turan Rzayev
Globalinfo.az