israil ordu 13

İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının Qərb sahilində yerləşən Nablus şəhəri və ətraf ərazilərdə həyata keçirilən hərbi əməliyyatların miqyasını artırmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, ordunun açıqlamasına görə, məqsəd iyulun 24-də israilli mülki şəxslərlə fələstinlilər arasında baş vermiş silahlı insidentlərdə iştirak edən şəxsləri müəyyən edərək saxlamaqdır.

Bildirilib ki, iki israillinin öldürülməsi ilə nəticələnən hadisədən sonra Nablus və onun ətrafındakı təhlükəsizlik zonalarında geniş antiterror əməliyyatı başladılıb.

Məlumata əsasən, Hivat-Qilad yaşayış məntəqəsi yaxınlığında baş verən qarşıdurma zamanı tərəflər arasında atışma olub. Hadisə zamanı bir fələstinli silahlı şəxs İsrailin çevik reaksiya qrupuna məxsus silahı ələ keçirib.

Toqquşma nəticəsində İsrail tərəfdən çevik reaksiya qrupunun bir üzvü və bir hərbçi həlak olub, bir neçə təhlükəsizlik əməkdaşı isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İsrail ordusunun məlumatına görə, insident zamanı dörd fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Nablus ətrafında təhlükəsizlik tədbirlərinin yaxın günlərdə daha da gücləndiriləcəyi bildirilib.

Paylaş: