İsrail aktivləşdi: şimalda toqquşma dərinləşir, İran isə…

İsrail ordusu ölkənin şimalının atəşə tutulmasına cavab olaraq Livanda Hizbullahın hədəflərinə zərbələr endirib. Xüsusən Nakura və Ayta əş-Şaab bölgələrində Hizbullahın hərbi bazaları vurulub.

İsrailin Hizbullah mövqelərini vurması nədən xəbər verir? Şimalda toqquşmalar daha da intensivləşə bilər? İran proseslərə səssiz qalıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, əslində, İsrail oktyabrın 8-dən Hizbullah mövqelərini vurmağa başlayıb:

“Hizbullah da əlindəki vasitələrlə İsrailin sərhəd məntəqələrini, hərbi post və radar stansiyalarını vurur. Son aylarda daha da dərinləri vurmağa başlayıblar.

İsrail ordusu Livana hərbi müdaxiləyə hazırdır. Hətta ehtimal hücumun təlimlərini də bir neçə dəfə keçiriblər. İndiki məqamda İsrail üçün sadəcə siyasi şərtlər əlverişli deyil, çünki Təl-Əviv ilk hücumu etsə, xarici dəstəyi olmayacaq, aqressor kimi tanınacaq. Buna görə də Hizbullahın hücum etməsini istəyir. Hizbullah bunu bildiyi üçün hücum etmir, amma bombardmanlar hər iki tərəfdən davam edir.

İrana gəlincə, Tehranın səs qaldığını demək olmaz. Əvvəl necə idisə, elə də fəaliyyətini davam etdirir. Beynəlxalq səviyyədə İsrailə qarşı təzyiqin artırılması, xüsusən də müsəlman ölkələrinin daha sərt tədbirləri görməsi üçün diplomatik fəaliyyət aparır”.

Turan Rzayev
Globalinfo.az