40 günlük atəşkəs elan edildi – Müharibənin taleyi ABŞ-dan asılıdır

HƏMAS və İsrail humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəliblər. Razılaşmanın təfərrüatları haqda heç bir informasiya verilməsə də, əldə olunduğu HƏMAS-ın sözçüsü tərəfindən təsdiqlənib.

Bundan öncə də HƏMAS Fransadan Qəzza zolağında 40 günlük atəşkəslə bağlı təklif almışdı. Son zamanlar isə Ramazan bayramı ilə bağlı atəşkəs təklifləri irəli sürülürdü.

Maraqlıdır, 40 günlük atəşkəs ərzində döyüşlər həqiqətən də dayanacaq?

Tərəflər atəşkəsdən istifadə edib danışıqlara başlaya bilərlər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, daha əvvəl 6 həftəlik atəşkəs haqqında danışılırdı:

“Son günlər atəşkəs və girov dəyişikliyi müzakirə olunurdu. Parisdə ABŞ, Misir və Qətər rəsmiləri arasında gedən danışıqlarda müsbət irəliləyiş olduğunu həftənin əvvəlində Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan, dünən isə Prezident Co Bayden açıqladı.

HƏMAS prinsipcə atəşkəsə razıdır. İsrail rəsmiləri də atəşkəsə isti yanaşır. Çünki hazırda İsrailin üzərində ciddi beynəlxalq təzyiq var. Hökumət rəsmiləri həm daxildə müharibə əleyhdarları və girov yaxınlarını sakitləşdirmək, həm də beynəlxalq təzyiqləri yumşaltmaq üçün atəşkəsə ehtiyac hiss edirlər. Xüsusən də qarşıdan müsəlmanların müqəddəs Ramazan ayı gəlir, bu ayda gərginliyi daha da artırmamaq üçün İsrail atəşkəsə prinsipcə razıdır. Yəni ortada detallar var, onlar da razılaşdırılsa o zaman atəşkəs elan olunacaq.

Güman ki, ilk növbədə mülki vətəndaşlardan olan əsir və girovlar, sonra hərbçilər, axırda isə cəsədlər dəyişdiriləcək. Ancaq atəşkəsin sülhə çevrilməsi mövzusunda nəsə demək tezdir. Çünki İsrail müharibə başlamışkən Qəzzanı nəzarətə götürmək, HƏMAS-ı ordan qovmaq istəyir.

Burda hər şey daha çox ABŞ hökumətindən asılıdır. Əgər ABŞ İsraili müharibəni dayandırıb, sülh danışıqlarına razı salsa, o zaman proses davam edəcək. Amma əgər İsrail hakimiyyətindəki sağ qüvvələr güclü çıxsalar o zaman yəqin ki, müharibə davam edəcək. Üstəlik Livanla da qarşıdurma riski yüksəkdir”.

Turan Rzayev
Globalinfo.az