İsrail İranın nüvə obyektlərinə hücumun simulyasiya təlimləri keçirməsi haqda ABŞ Müdafiə Nazirliyi ictimaiyyətə məlumat sızdırıb.
Bildirilib ki, fevralın 1-də Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı obyektlərdən birində zənginləşdirilmiş uran səviyyəsinin nüvə silahının istehsalı həddinə yaxın olması barədə izlər aşkar edib. Bununla da İranın İsrail tərəfindən müəyyənləşdirilən qırmızı xətti keçməyə çox yaxın olduğu bildirilib. Ehtimal edilib ki, hərbi toqquşma İsrailin İranın nüvə obyektlərinə hücumu ilə başlaya bilər. Bu baş verərsə mütləq şəkildə Azərbaycanı etkiləyəcək.
Biz ölkə olaraq buna neytral qalacağıq? Yoxsa İsrail tərəfdə yer alacağıq?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov İranın nüvə obyektlərinə hücumun hansı şəkildə həyata keçirilə biləcəyini dəyərləndirib:
“Son zamanlarda İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi ilə bağlı fikirlər tez-tez dünya mətbuatında işıqlandırılır. Sözügedən obyektlərə aviazərbələrin endirilməsi də gözlənilir ki, bununla bağlı artıq hərbi təlimlər keçirilir. Amma ehtimal hücumun Azərbaycan üzərindən təşkil ediləcəyini düşünmürəm. Düşünürəm ki, burada əsas diqqət edilməli məqam avizərbələrin həyata keçirilməsidir ki, bu da F-35-lər vasitəsilə olacaq. Yəqin ki, İsrail ABŞ-dan yeni yanacaqdoldurma təyyarələri alınmaqla hava zərbələrini reallaşdıra biləcək”.
Samir Hümbətov
Politoloq Azərbaycanın sözügedən proseslər fonunda necə bir mövqe sərgiləyəcəyi məsələsinə toxunub:
“Azərbaycan bu məsələdə neytral mövqe sərgiləyəcək. Amma hansısa formada Bakını proseslərin içinə çəkmək istəyən qüvvələr var. Bunu nə dərəcədə bacara bilib-bilməyəcəkləri isə ayrı məsələdir. Azərbaycan bu günə kimi balanslı mövqe tutub və açıq şəkildə bəyan edib ki, heç bir dövlətə öz ərazisindən hücum üçün istifadə etməyə icazə verməyəcək. Bütün bunları nəzərə alaraq demək olar ki, İsrail İrana hava zərbələri endirəcəksə, bu, Suriya və İraq üzərindən həyata keçirilə bilər. Burada ABŞ-ın həmin bölgələrdəki hərbi bazalarından istifadə edilə bilər”
Ayşən Mustafa
Globalinfo.az