“İsrailin son hava hücumunun ssenarisi 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun istifadə etdiyi taktika ilə oxşardır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Ovannisyan yazıb.
O, İsrailin Azərbaycan Ordusunun məşhur “kukruznik əməliyyatı”ndan istifadə etdiyini bildirib:
“Belə ki, İsrail İranın hava hücumundan müdafiə sistemlərinin yerlərini müəyyən etmək üçün çoxlu sayda PUA buraxıb. Onları hava hücumundan müdafiə sistemləri üçün nəzərəçarpan məsafəyə çatdırıb ki, vurulsun və beləcə HHM-lərin yeri bilinsin”.
Ovanisyan iddia edib ki, İran Silahlı Qüvvələri həmin ssenarini anlayıb və tələyə düşməyib.
Qeyd edək ki, İsrailin son hücumu nəticəsində İranın Rusiyadan aldığı bütün S-300 raket komplekslərini məhv edildiyini dünyanın bir neçə nüfuzlu mediası da yazıb.
Xatırladaq ki, Vətən müharibəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Düşmənin bu təyyarələri vurması nəticəsində onun hava hücumundan müdafiə sistemlərinin yeri bəlli olub və Ordumuz bu texnikaları sıradan çıxarıb.
Əliyar Xəlil