İrəvanın əsl məqsədi Qarabağ deyil – “Sülh sənədi”nin pərdəarxası

Rəsmi İrəvan sülh sazişi ilə bağlı sənədin artıq Azərbaycana təqdim edildiyini bildirib. Hətta Ermənistan Baş naziri Nikol Paşinyanın da Azərbaycanla tezliklə sülh imzalamaq istədiyi qeyd edilir. Lakin İrəvanın sülh danışıqlarındakı səmimiyyəti inandırıcı deyil.

Bu sözləri Globalinfo.az-a açıqlamasında analitik Asif Nərimanlı deyib.

O, Ermənistanın hər vasitə ilə prosesi uzatmağa çalışdığını vurğulayıb:

“Əvvəl Ermənistan tərəfi Bakının təqdim etdiyi 5 prinsipə əsaslanan sülh müqaviləsini qəbul etmişdi. İrəvanın sonradan müəyyən düzəliş və əlavələr etməsi prosesi uzatmaq, daha çox şey əldə etmək niyyətindən xəbər verir.

Onların əsas məqsədi Qarabağın statusu ilə bağlı məsələnin sülh müqaviləsində yer almasıdır. Söhbət Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının təmin edilməsindən gedir ki, bu mövzu ilə bağlı beynəlxalq mexanizmin yaradılması gündəmdədir. Azərbaycan tərəfi də bununla razılaşır. Sadəcə olaraq, bu məsələdə iş Ermənistan və Azərbaycan kontekstində deyil, Bakı ilə Qarabağda yaşayan erməni əhalisinin nümayəndələri arasında aparılmalıdır.

Qabağın sülh sazişinə daxil edilməsi həmin bölgənin subyekt kimi qəbul olunması mənasına gəlir. Yəni rəsmi İrəvan burada yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün hansısa formada iştirakçı kimi qalmış olacaq. Bu isə həm beynəlxalq hüquqa uyğun deyil, həm də Azərbaycanın tələblərilə uzlaşmır. Ermənistan tərəfinin davamlı olaraq bu məsələni gündəmə gətirməsi onların prosesi uzatmaqda maraqlı olduğunu göstərir”.

Analitik İrəvanın Qarabağ məsələsindən bir vasitə kimi istifadə etdiyini, məqsədinin fərqli olduğunu deyib:

“Rəsmi İrəvanın son iki ildə atdığı bütün addımların əsas hədəfi geosiyasi şərtlərin dəyişməsini gözləmək idi. Əvvəl daha yumşaq ritorikadan istifadə edirdilərsə, indi sərt və tələbkar mövqe sərgiləyirlər. Bu da əsasən, Ukrayna müharibəsi ilə bağlıdır. Həqiqətən də Qərb ölkələrinin müharibə səbəbilə regiona gəlişi geosiyasi şərtləri dəyişdirir”.

A.Nərimanlı qeyd edib ki, Qarabağ məsələsinin sülh mətninə daxil edilməsi real deyil:

“Amerika da bu mövzuda Azərbaycanla eyni mövqedədir. İrəvan, sadəcə, Qarabağ məsələsindən Bakıya qarşı üstünlük məqsədilə kart kimi istifadə edir. Yəni sülh prosesində Qarabağla əlaqədar şərti geri çəkməyin əvəzində başqa bir şey istəyə bilər. İstəyəcəyi şeyin isə daha çox sərhəddə delimitasiya və kommunikasiya ilə bağlı olacağını düşünürəm”.

Ayşən Mustafa
Globalinfo.az