Regionda yeni toqquşma riski varmı? – İrəvan qərar verməlidir

Regionda baş verən son proseslər – Qazaxın 4 kəndinin hərbi müdaxilə olmadan Azərbaycana qaytarılması, iki tərəf arasında sərhədlərin müəyyənləşməsi və s. Cənubi Qafqazda müharibə riskinin bitdiyi ilə bağlı fikirlər formalaşdırır. Bir müddət öncə isə Azərbaycanın işğal altında olan kəndlərinin Ermənistan tərəfindən danışıqlar yolu ilə verilmədiyi halda hərbi əməliyyatların başlayacağı iddia edilirdi.

Maraqlıdır, artıq sülh, sabitlik və əməkdaşlıq dövrü başlayır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Cənubi Qafqazda müharibə riski hər zaman var:

“Tərəflər arasında sülh müqaviləsi imzalanmadığı üçün müharibənin baş verməsi istisna edilmir. Ermənistan konstitusiyasında bir sıra dəyişikliklər etməlidir. Yalnız bundan sonra eskalasiyanın olmayacağını demək mümkündür.

Region dövlətlərinin və digər ölkələrin bölgə ilə bağlı maraqları var. Hətta Ermənistan Qazaxın 4 kəndini qaytarsa belə, təhdidlər qalıb. Burada ən optimal varinat rəsmi İrəvanın işğal altında olan kəndlərimizi qeyd-şərtsiz geri qaytarmasıdır”.

Politoloq Məhəmməd Əsədullazadə isə vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında 4 kəndin geri qaytarılması ilə bağlı məsələ danışıqlar yolu ilə həll olunduğu üçün müharibə ehtimalı sıfırlandı:

“Gürcüstan istisna olmaqla Cənubi Qafqazda müharibə ehtimalı yoxdur. Azərbaycan və Ermənistan arasında danışıqlar mərhələsi başlayıb. Bir neçə razılaşdırılmamış məqam olsa da, sülh müqaviləsinin mətni demək olar ki, hazırdır. Tavuş vilayətindən başlayan delimitasiya və demarkasiya prosesi uğurla həyata keçiriləcək”.

Politoloq hesab edir ki, Qazax istiqamətində hər iki tərəfin sərhəd qoşunları dayanacaq:

“Azərbaycanın həmin 4 kəndi hərbi əməliyyatlarla geri qaytarmağa haqqı var idi. Lakin rəsmi Bakı sülhə, danışıqlar yoluna üstünlük verdi. Ermənistan Baş naziri Nikol Paşinyan da yeni reallıqları qəbul edib, İrəvanın başqa çıxış yolu olmadığını gördü və beləliklə proses müsbətə doğru irəliləyir”.

Safura Bənnayeva
Globalinfo.az