İrəvan “qırmızı xətt”i keçdi – Ordumuzun tarixə düşəcək taktikası

Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı  ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı deyib ki, 19-20 sentyabr antiterror tədbirlərinin başlamasına səbəb Ermənistanın “qırmızı xətt”i keçməsi oldu.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan qeyd edib ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra da sülh gündəliyinə sadiq qaldı:

“Həm 44 günlük müharibəyə, həm də antiterror əməliyyatlarına təhrik edən tərəflər oldu. Rəsmi Bakı məsələnin sülh yolu ilə həllində maraqlı idi. Lakin Ermənistan münaqişəni davam etdirmək xəttini əsas tutdu və Azərbaycan da layiqli cavabını verdi”.

Qədir Aslan

Politoloq bildirib ki, dünyanın üç aparıcı dövləti – Fransa, Rusiya və ABŞ əməliyyat planını Azərbaycandan öyrənməli olacaqlar:

“Ordumuz hüquq çərçivəsində, mülki əhaliyə ziyan dəymədən əməliyyatların necə keçirildiyi və sülhün əldə edildiyini göstərmiş oldu. Regionda sülhün təmin olunması üçün əsas maneə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində aradan qalxdı. 19-20 sentyabr antiterror tədbirləri bu baxımdan çox önəmlidir. Xatırladım ki, həmin əməliyyatlardan sonra Qarabağda separatizmin kökü kəsildi, ölkəmiz terror, müharibə təhlükəsindən qurtuldu”.

Safura Bənnayeva
Globalinfo.az