İrandan Ermənistana silah-sursat buna görə daşınır – Sensasiya

5 aprel Brüssel görüşündən öncə və sonrakı günlərdə Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Bunun açıq təxribat olduğu, Azərbaycanı provokasiyaya çəkməyə hesablandığı deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, təxribatlar və atəşkəsin pozulması halları hələ uzun müddət davam edəcək:

“Bu addımlar məqsədyönlüdür, lakin genişmiqyaslı hərbi əməliyyatların başlaması mümkünsüzdür. Çünki Ermənistanın hazırkı vəziyyəti Azərbaycanla qarşı-qarşıya gəlməsinə imkan vermir: ordusunun canlı qüvvə və silah-sursat ehtiyatı rəsmi Bakı ilə müharibəyə başlamaq üçün kifayət deyil. Yəni bu, İrəvan üçün böyük faciə ilə nəticələnə bilər”.

Hərbi ekspertin fikrincə, Azərbaycan və Ermənistanın bir araya gəlib sülh müqaviləsini imzalamasını istəməyən qüvvələr var:

“Onlardan birincisi Rusiya Federasiyasıdır. Ermənistan sərhədini qoruyan da elə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarıdır. Bəs necə olur ki, ermənilər bu qədər rahatlıqla təxribatlar törədirlər? Açılan atəşlər rus hərbçilərini də pis vəziyyətdə qoya bilər”.

Ü.Cəfərov qeyd edib ki, regionda və dünyada Azərbaycanı istəməyən dövlətlər var:

“COP29-un ölkəmizdə keçirilməsinə qısqanclıqla yanaşırlar. Bunun üçün “erməni kartı”ndan və başqa amillərdən istifadə etməyə çalışırlar. Regionda müharibə əhvali-ruhiyyəsi yaratmağa cəhd edirlər. 2023-cü ildən etibarən bu gün-sabah müharibə olacağı ritorikasını yaradırlar.

Ermənistana İrandan silah daşınması ilə bağlı xəbərlər dövriyyəyə buraxılıb. Amma bu məsələnin dərinliyinə getdikdə aydın olur ki, İrəvan ərazisindən üçüncü ölkəyə – Rusiyaya 102-ci bazanın xətti ilə silah-sursat, PUA daşınır. Bunlar da İrandan gətirilən silahlardır. Rəsmi Tehran birbaşa yardım etməkdən qorxur”.

Ekspert bir neçə ölkədən Ermənistana silah daşınması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Hindistan, İran, Fransadan silah, hərbi texnika daşınması ilə bağlı məlumatlar var. Bu silahlar verilsə belə, Ermənistan ordusuna həmin texnikalardan istifadə etmək üçün təlim keçirilməlidir.

Azərbaycan isə nə addım atacağını çox yaxşı bilir. Təxribat olacağı təqdirdə cavabını alacaqlar”.

Üzeyir Cəfərov Azərbaycanın zor yolu ilə Zəngəzura girəcəyini düşünmür:

“Doğrudur, Naxçıvanla əlaqələrimiz bərpa olunmalıdır, amma hərbi yola əl atsaq, problem yaranacaq. Onsuz da Azərbaycanı etmədiyi əməllərdə günahlandırırlar.

Bəzi dövlətlər toqquşmanın baş verməsində maraqlı olduğu üçün iki tərəfi də buna təhrik edirlər”.

Safura Bənnayeva
Globalinfo.az