“ABŞ–İran müharibəsi baş verərsə, ilk növbədə bölgə üçün ciddi təhlükələr yaranacaq. Xüsusilə Türkiyə növbəti qaçqın dalğası ilə üzləşəcək, kəşfiyyat və ordusunun diqqətini bu istiqamətə yönəltməyə məcbur olacaq. Belə bir vəziyyət rəsmi Ankaranın Suriyadakı mövqelərinin zəifləməsi üçün şərait yarada bilər ki, bu da İsrailin maraqlarına xidmət edir. Nəticədə Suriyanın bütövlüyünün bərpası əngəllənə və regionda yenidən xaotik vəziyyət formalaşa bilər”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu İranın Türkiyənin vasitəçiliyi ilə keçiriləcək danışıqlar prosesindən imtina etməsini şərh edərkən deyib:
Siyasi şərhçi bildirib ki, Ankara bunu milli təhlükəsizliyinə təhdid hesab edir:
“Ona görə də bütün imkanlarını səfərbər edərək, İsrail lobbisinin ABŞ Prezidenti Donald Tramp administrasiyası üzərindəki təzyiqlərini neytrallaşdırmağa çalışır və beləliklə ABŞ-İran müharibəsinin qarşısını almağa yönəlir. Bu prosesdə məqsəd həm Vaşinqtonun maksimalist tələblərini yumşaltmaq, həm də Tehranla ortaq məxrəcə çatmaqdır. Burada əsas fiqur olan və Vaşinqtonla sıx əlaqələri olan Türkiyənin xarici işlər naziri Hakan Fidan kifayət qədər aydın mesajlar verib.
Türkiyənin bu potensialı Suriya məsələsində özünü təsdiqləyib. İsraildə baş nazir Benyamin Netanyahu hökumətinin Tramp administrasiyasına ciddi təzyiqlərinə baxmayaraq, ABŞ Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya edəcəyini açıq şəkildə bəyan etdi və bunu bütün dünya müşahidə etdi. Bu, Türkiyənin Yaxın Şərqdə təsir imkanlarını daha da genişləndirdi. Artıq Səudiyyə Ərəbistanı, Misir və digər ərəb ölkələri üzərində də Türkiyənin ciddi təsir imkanları mövcuddur.
Əli Zülfüqaroğlu
Tehran hesab edir ki, ABŞ ilə mümkün razılaşma İstanbulda, Türkiyənin vasitəçiliyi ilə həyata keçirilərsə, bu, Ankaranın Tehran üzərində də təsir imkanlarını artıracaq. Buna görə də İran görüşün Omanda keçirilməsini təmin etdi. Bu addım İranın mühafizəkar qanadının hökumətin güclənməsinin qarşısını almaq və türk faktorunun önə çıxmamasını təmin etmək məqsədini əks etdirir. Tehran ABŞ ilə razılığa gəlmək potensialını görür və prosesdə Türkiyənin tarixi rol oynamamasını istəyir”.
Turan Rzayev
Globalinfo.az