İran yezidi kürdlərdən ibarət 2 min nəfəri Qarabağda döyüşlər üçün hazırlayır

“Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşdü. Bu görüşün baş tutması ilə bağlı müxtəlif versiyalar səsləndirildi. Mətbuata isə görüş zamanı iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələrin getdiyi yansıdı”.

Bu sözləri Globalinfo.az-a beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşünün pərdəarxası məqamları var:

“Hazırda regionda çox qəribə proseslər cərəyan edir. Məsələ ondadır ki, İraqın şimalındakı Sincar bölgəsində 2 min terrorçu iranlı “mütəxəssislər” tərəfindən təlimlərə cəlb edilib. Diqqətçəkən məqam təlimə cəlb edilənlərin Suriya ləhcəsində danışan yezidi kürdlər olmasıdır.

Əziz Əlibəyli

Onların düşərgələrinə Həşdi-Şabi qruplaşmasının üzvləri nəzarət edir. Bu günə qədər 2 minə yaxın PKK muzdlusu da şiə milisləri tərəfindən həmin düşərgələrdə təlim görüb. Maraqlı məqam ondan ibarətdir ki, təlimlərin şərtləri və forması onu göstərir ki, hədəflər daha genişdir. Yəni keçirilən təlimlər heç də həmin regionun relyefinə uyğun deyil.

Mənbələr həmin terrorçuların hansı ərazi üçün təlimlərə cəlb edildiyini açıqlamır. İlkin versiya budur ki, İran terrorçuları Qarabağ üçün hazırlayır.

Görünür, Zəngəzurda konsulluq açan İran xüsusi təlim keçdiyi terrorçuları Qarabağda müharibəyə cəlb edir. Mümkündür ki, bütün bunlardan Azərbaycan Prezidenti İlham Əliyevin də məlumatı var və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşdə bu məsələni müzakirə edib və ondan proseslərin qarşısını almasını istəmiş ola bilər”.

Turan Rzayev
Globalinfo.az