İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının dəyişdirilməsi təklifi ilə çıxış edib. O deyib ki, paytaxt Tehran şəhərindən Fars körfəzi sahilinə köçürülməlidir. Xatırladaq ki, Qazaxıstan da paytaxtını bir neçə il öncə dəyişib. Bakının da paytaxt statusunun dəyişdirilməsi ilə bağlı təkliflər var. Amma İranın payrtxatı dəyişdirməsi ilə bağlı təklif hazırkı geosiyasi şəraitdə xeyli diqqət çəkir.
Bu, sıradan bir təklifdir, yoxsa, İran dövlətinin kritik qərarı? Tehran niyə boşaldılır? Paytaxt kimi təklif edilən şəhərin nə kimi üstünlükləri, fərqliliyi ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, İranda paytaxtın dəyişdirilməsi məsələsi əvvəllər də təklif olunub:
“1786-ci ildə Tehran Qacarların hakimiyyəti dönəmində paytaxt elan edilib. İndiki şəraitdə İranın hansısa ərazidə paytaxt salmağa maliyyə imkanı çox zəifdir. Yeni paytaxtın salınması üçün həmin ərazilərdə infrastruktur yaxşı olmalı, şəhərin modernləşməsi, dövlət, inzibati binaların tikilməsi və s. kimi məsələlər həyata keçirilməli, ölkə əhalisi prosesə razılıq verməlidir. Tehran ölkənin təxminən mərkəz hissəsində yerləşir. Paytaxtı cənub istiqamətinə aparsalar, şimal hissədə yaşayan insanların oraya getməsi böyük problemlərə səbəb olacaq. Bundan başqa paytaxtın köçürülməsi asan məsələ deyil. Paytaxt kimi İsfahan və Şiraz şəhərləri daha əlverişli hesab olunur. Çünki digər şəhərlər elə vəziyyətdədir ki, paytaxt seçilə bilməz. İranın ənənəvi paytaxtı olan Təbrizin belə hazırda ölkənin paytaxtına çevrilməsinə görə böyük maliyyəyə ehtiyac var. Eləcə də Ərdəbil, Həmədan şəhərləri”.
Sədrəddin Soltan
Politoloqun sözlərinə görə, İranda paytaxtın dəyişdirilməsi əvvəlki hökumətlərin istəyi idi və Pezeşkian da hazırda yeni ideya ilə çıxış etmir:
“Tehran böyük şəhərdir. Rəsmi məlumatlara görə 15 milyon, qeyri-rəsmi məlumatlara görə isə 20 milyona yaxın əhalisi var. Ətraf mühiti çox çirklidir, əvvəlki illərə nəzərən son 20 ildə içməli su problemi yaranıb. Ona görə də bu şəhərin dəyişdirilməsi bir qədər məntiqsiz görünür. Paytaxt statusundan məhrum edildikdən sonra bu problemlər aradan qalxmayacaq. İçməli su İranın əsas problemidir. Paytaxt şəhərin dəyişdirilməsi üçün digər vacib məsələ təhlükəsizliklə bağlıdır”.
Sədrəddin Soltanın fikrincə, Pezeşkianın çıxışı sadəcə ictimaiyyətə müzakirə üçün yeni mövzu verir, diqqəti yayındırır:
“İran hakimiyyətinin paytaxtı dəyişməyə pulu yoxdur. Azərbaycanda 2010-cu ilə qədər paytaxtın dəyişdirilməsi fikri çox aktual idi. Hətta dövlət universitetlərinin Bakıdan köçürülməsi də gündəmdə idi. Lakin bu məsələlər maliyyəyə dayanır. Qazaxıstanda paytaxt dəyişikliyi üçün xeyli vəsait xərcləndi və nəticədə proses reallaşdı. Rusiyanın da vaxtilə paytaxtını Moskvadan Kurska köçürmək istəyirdilər. Bu da reallaşmadı”.
Safura Bənnayeva
Globalinfo.az