İran İsraili raket və dron yağışına tutdu – Üçüncü ölkə qazandı

“Bu əməliyyatın nə zaman keçiriləcəyi ABŞ-a məlum idi. Bir gün əvvəl Birləşmiş Ştatlar tərəfindən İranın İsraili vura biləcəyi ilə bağlı açıqlama verilmişdi. Konkret kəşfiyyat informasiyası idi: əvvəlcədən məlumat verməklə İranın hücumunun mahiyyətini aşağılamaq, həm də ABŞ kəşfiyyatının nə qədər səhih məlumata malik olduğunu göstərmək məqsədi daşıyırdı”.

Bu sözləri politoloq Natiq Miri İran-İsrail gərginliyi barədə Globalinfo.az-a deyib.

Politoloqun fikrincə, məlum gərginlik əvvəlcədən razılaşdırılmış, səhnələşdirilmiş oyundan başqa bir şey deyil:

“Çünki atılan yüzlərlə kamikadze və digər dronlar İsrail sərhədinə belə çatmayıb. Bunun üçün əvvəlcədən hazırlıqlar görülmüşdü. Elə bu səbəbdən dronlar İsrail sərhədinə çatmadan havadan müdafiə qüvvələri, ABŞ yardımı ilə zərərsizləşdirildi. Hücum nəticəsində İsrailə ciddi zərər dəymədi”.

Natiq Miri bildirib ki, İranın atdığı 30-a yaxın raketin 25-i havada zərərsizləşdirilib:

“Bir neçəsi İsrail sərhədini, havadan müdafiə sistemlərini aşa bilib. Bunların da ciddi zərər verdiyi haqqında informasiyalar yoxdur. İsrail mənbələrinin açıqlamalarına görə, aviabazalara cüzi zərər dəyib. İsrail generallarının, diplomatlarının öldürülməsi kimi konkret nəticələr yoxdur. Halbuki İsrail aprelin 1-də heç bu boyda hay-küy yaratmadan dəqiq atışlarla SEPAH-ın bir neçə general və diplomatını öldürmüşdü”.

Safura Bənnayeva
Globalinfo.az