“İran casuslarının “qanı” halaldır, Qərb agentləri isə müqəddəsdir” – İkili yanaşmanın səbəbləri

Son günlər bir neçə tanınmış şəxsin həbsi ətrafında müzakirə gedir. İstintaq onların həbsinin səbəbinin qaçaqmalçılıq, qanunsuz tikili aparmaq olduğunu deyir. Amma iddialar var ki, həmin şəxslər xarici ölkələrin agentura şəbəkəsinin üzvləri olduqları üçün saxlanılıb.

Son 1 ildə Azərbaycandakı İran agentura şəbəkəsinin üzvlərinə qarşı da intensiv əməliyyatlar keçirilir. Diqqətçəkən əsas məqamlardan biri budur ki, İran agenturasına qarşı bənzər əməliyyatlar keçirilərkən cəmiyyət prosesə birmənalı dəstək vermişdi. Onların həbsinə haqq qazandırmışdı.

Maraqlıdır, niyə İran casusları ilə bağlı əməliyyatlar ictimaiyyət tərəfindən dəstəklənir, Qərbin agentura şəbəkəsinə aid olduğu deyilənlər isə saxlanılanda buna müəyyən etirazlar olur? Bu, Qərbin nəzarətindəki məlum dəstənin mövqeyinin güclü olması, tərəfdarlarının çox olması, cəmiyyətə təsir imkanlarının genişliyi ilə bağlıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, istənilən halda agentura şəbəkəsi ifşa olunmalı, onu təşkilatlandıran ölkə qınanmalı, XİN səviyyəsində lazımi xəbərdarlıq ünvanlanmalıdı:

Züriyə Qarayeva

“Təxribat təkrarlandığı halda diplomatik əlaqələrin qırılması da verilə biləcək ən layiqli reaksiyadır. Belə bir məsələdə ölkə ayrı-seçkiliyi etmək gülüncdür.

Casusluğun vətəni olmaz. Müəyyən kəsimlər tərəfindən İranın xüsusi diqqətdə saxlanması və alqışlanması, lakin Qərblə bağlı analoji reaksiyanın verilməməsi cənub qonşumuzun coğrafiya baxımından daha yaxınlıqda olması, təhlükəsizlik üçün daha böyük təhdidlər yarada bilməsi ilə bağlıdır.

İran bunu dini təbliğat pərdəsi altında edirsə, Qərb də insan haqları və demokratiyanın müdafiəsi, korrupsiyaya qarşı mübarizə kimi ideallar altında əsl niyyətini pərdələyir. Hər iki cinahda məqsəd sadəcə korporativ maraqların təmin olunmasıdır. İcra mexanizminin necə olması hədəfləri dəyişdirmir. Cəmiyyət olaraq ayıq-sayıq olmalı, dövlətimiz, cəmiyyətimiz içərisində parçalanma yaratmağa çalışan qüvvələrlə bərabər mübarizə aparmalıyıq”.

Turan Rzayev
Globalinfo.az