İran-Ermənistan münasibətlərində gərginlik yaradacaq açıqlamalar verilir. Belə ki, adı açıqlanmayan İran rəsmisi Ermənistanın anti-İran planlarında iştirakının ciddi nəticələr doğura biləcəyini səsləndirib. O, xüsusilə İranla sərhədin ABŞ-ın nəzarətinə keçməsinin Tehran üçün qəbuledilməz olduğunu vurğulayıb. İran rəsmiləri mütəmadi olaraq Ermənistanı “qardaş ölkə” adlandırsalar da, İrəvanın son addımları Tehranda böyük narahatlıq yaradır.
Mövcud vəziyyətdə İranla Ermənistana arasında gərginlik arta bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ermənistanın son dövrlərdə sərgilədiyi siyasət İranda ciddi narahatlıq doğurur:
“İran rəsmiləri müxtəlif bəyanatlarla İrəvana tez-tez xəbərdarlıq mesajları göndərirlər. Bunun əsas səbəbi Baş nazir Nikol Paşinyanın seçkilərdə qələbə qazanaraq təkbaşına hökumət formalaşdırmaq imkanını əldə etməsindən sonra Ermənistanın Qərbə inteqrasiya prosesinin sürətlənəcəyinə dair gözləntilərdir”.
Politoloq bildirib ki, İran Ermənistanı anti-İran koalisiyalarında iştirak etməməyə çağırır:
“Tehran hesab edir ki, İrəvanın bu mövqeyi iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilər. Bu halda İranın ilk növbədə iqtisadi sahədə müəyyən addımlar atacağı istisna edilmir. Hazırda Tehran mümkün gərginliyin qarşısını almaq üçün xəbərdarlıq xarakterli mesajlar verir. Lakin bu xəbərdarlıqların nəticə verəcəyi inandırıcı görünmür. Çünki Ermənistan artıq öz xarici siyasət kursunu müəyyənləşdirib. Paşinyanın yeni hökuməti formalaşdırmasından sonra ölkənin Qərb istiqamətində inteqrasiyasını daha da sürətləndirəcəyi gözlənilir. Bu isə Ermənistan-İran münasibətlərində gərginliyin artmasını qaçılmaz edir.
Mövcud tendensiya göstərir ki, tərəflər arasında münasibətlər gələcəkdə daha da pisləşə və ciddi böhran mərhələsinə çata bilər. Qərb strukturları ilə sıx əməkdaşlıq edən və siyasi kursunu həmin istiqamətdə quran bir dövlətlə İran arasında əvvəlki səviyyədə münasibətlərin qorunması çətin görünür”.
Ləman İmran
Globalinfo.az